· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

III qurultayın gündəliyindən

 

Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsədilə Azərbaycan hökumətinin qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılır. Qurultayın keçirilməsi xərcləri üçün Azərbaycan hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyinin sərəncamına 35.600 manat məbləğində vəsait də ayrılır.

Azərbaycan müəllimlərinin 1906-cı (avqust) və 1907-ci (avqust) illərdə keçirilmiş birinci və ikinci qurultaylarından sonra sayca üçüncüsü olan həmin qurultay 1919-cu il avqustun 20-də saat 11-də Bakı I realnı məktəbin (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) akt zalında öz işinə başlayır və nəzərdə tutulan müddətdə öz işini başa çatdırır. Qurultayda Azərbaycanın bütün bölgələrini və tədris müəssisələrini təmsil edən nümayəndələr iştirak edirdilər.  Qurultayı Azərbaycan Türk Müəllimləri İttifaqının sədri Ağabəy İsrafilbəyov açmış, qurultayda Xalq Maarif Nazirliyi adından nazir müavini Həmid bəy Şahtaxtinski böyük nitq söyləmişdir.

Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradılır. 1919-cu il noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında yaradılan hökumət islahat komissiyasına xalq maarif nazirinin müavini Həmid bəy  Şahtaxtinski (sədr,) Nurməhəmməd bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyev, Soltan Məcid Qənizadə, Abdulla bəy Əfəndiyev, Sara xanım Yaqubova, Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Xədicə xanım Ağayeva, Məmmədağa Şahtaxtinski, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idilər. Hökumət bu komissiya qarşısında növbəti dərs ilinin əvvəlinə kimi məktəb islahatı, o cümlədən təhsilin məzmunu ilə bağlı məsələlərin həlli üzrə hökumət proqramını hazırlamaq missiyası qoymuşdu. Komissiya öz işini başa çatdırana kimi milli hökumət devrildisə də, həmin məsələlər üzrə müəyyən işlər də görə bildi. Belə ki, bu komissiyanın təşəbbüsü və rəhbərliyi ilə 1919-cu ilin dekabrında Bakıda keçirilmiş müəllim seminariyaları, xalq maarifi inspektorları, ali, ibtidai və orta məktəb müdirlərinin 15 günlük müşavirəsində ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklər məsələsini geniş müzakirə edərək müəyyən təkliflər hazırlandı. Bununla yanaşı, müxtəlif fənlər üzrə, o cümlədən Mahmud bəy Mahmudbəyovun sədrliyi ilə ana dili və ədəbiyyat fənni (7 nəfər) üzrə, Pənah Qasımovun sədrliyi ilə tarix fənni (2 nəfər) üzrə, Səməd bəy Acalovun sədrliyi ilə riyaziyyat fənni (4 nəfər) üzrə, Cəmo bəy Gəbrayılbəylinin sədrliyi ilə təbiət fənni (8 nəfər) üzrə komissiyalar yaradıldı. Azərbaycan hökuməti dərslik islahatı sahəsində işləri stimullaşdırmaq məqsədilə ana dilində dərslik hazırlayan komissiyalara dövlət büdcəsindən ayrıca vəsait ayrılması barədə qərar da qəbul etmişdi. Bu komissiyalar Azərbaycan Xalq Cümhuriyyəti qurultayınadək ibtidai məktəblərdə istifadə olunan dərslikləri ətraflı müzakirə edərək onlardan tədrisə yararlı olanlarının müvəqqəti istifadəsinə (yeni dərsliklər yaradılanadək) icazə vermək barədə Xalq Maarif Nazirliyinə təkliflər hazırladı. Eyni zamanda bir sıra yeni dərsliklər də hazırlandı ki, bu işdə görkəmli maarifçilərdən Səməd bəy Acalov, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Cəmo bəy Cəbrayılbəyli, Ağabəy İsrafilbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Abdulla bəy Əfəndizadə, Qafur Rəşad Mirzəzadə, Axund Yusif Talıbzadə, Firidun bəy Köçərli və başqalarının xidmətlərini böyük minnətdarlıq hissləri ilə yad edirik. Azərbaycan hökumətinin mövcud dərsliklərdən istifadə və ya yeni dərsliklərin yaradılması sahəsində apardığı məqsədyönlü iş nəticəsində, dərslik üzrə nazirliyin xüsusi komissiyalarının təklifləri əsasında təkcə 1919-cu ildə "Son Türk əlifbası", "Türk çələngi", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Rəhbəri-sərf", "Təzə elmi-hesab", "Yeni məktəb", "Tarixi-təbii" kimi yeni dərsliklər hazırlandı, yaxud, məzmunca, yeni şəraitə uyğunlaşdırılaraq kütləvi tirajla nəşr edilərək məktəblilərin istifadəsinə verildiE

 

IV qurultayın gündəliyindən

 

1925-ci il mayın 25-dən iyunun 1-dək Bakıda Azərbaycan sovet müəllimlərinin I (əslində Azərbaycan müəllimlərinin IV qurultayı) qurultayı çağırıldı.

250 nəfər nümayəndənin iştirak etdiyi qurultayın gündəliyində aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:

1. Şuralar İttifaqının beynəlxalq vəziyyəti.

2. Şura quruluşunda maarif məsələləri.

3. Müəllimin ictimai rolu.

4. Müəllimlər və Lenin Kommunist Gənclər İttifaqı.

5. Müəllimlər və həmkarlar hərəkatı.

Qurultayda birinci söz Azərbaycan MİK-in katibi Tağı Şahbaziyə verilmişdir. O, çıxışında müəllimlərin ictimai həyatda böyük rolundan danışmış, fəhlələrlə kəndlilərin ittifaqının möhkəmləndirilməsi zərurətinə toxunmuşdur.

D.Bünyadzadə Azərbaycan Kommunist Firqəsinin Mərkəzi Komitəsi tərəfindən qurultayı təbrik edərək müəllimlərin xüsusən kəndlərdə rolunun genişləndirilməsini vacib saymışdır.

Qurultayda Xalq Komissarlar Sovetinin sədri Qəzənfər Musabəyov respublikada mədəni quruculuq sahəsində Azərbaycan müəllimlərinin vəzifələri barədə çıxış etmiş, müəllimləri öz fəaliyyətini mədəniyyətin inkişafına, cəhalətlə mübarizəyə, zəhmətkeş balalarının savadlandırılması işinə həsr etməyə çağırmışdı. Qurultayda xalq maarif komissarı Mustafa Quliyev hesabat məruzəsi ilə çıxış etmiş (2 saat Azərbaycan, 2 saat rus dilində), I və II pilləli məktəblərin, ali məktəblərin milliləşdirilməsi məsələlərindən danışmış, məktəb şəbəkəsinin inkişafından bəhs etmişdi.

Məruzə əsasında qurultayın geniş qətnaməsi qəbul edilmişdi. Qətnamədə yeni sovet məktəbinin gələcək inkişaf yolları müəyyənləşdirilmiş, ötən illərdə (1920-25-ci illər) məktəb quruculuğu sahəsində görülmüş işlərə yekun vurulmuş, qarşıdakı dövrdə məktəb şəbəkəsinin daha da inkişaf etdirilməsi, qadın təhsilinin prioritetlərdən biri kimi ön plana çəkilməsi, məktəb tikintisi, yeni tipli maarif ocaqlarının yaradılması, savadsızlığa qarşı mübarizə, dərslik nəşrinin genişləndirilməsi və digər mədəni-maarif məsələlərinin həlli yolları qərara alınmışdı.

Qurultayda Azərbaycan SSR-də məktəb quruculuğu sahəsində qazanılmış nailiyyətlərə yekun vuruldu və qarşıda duran vəzifələr müəyyənləşdirildi.  

Mayın 27-də keçirilmiş III iclasda Şəmkir, Lənkəran, Zaqatala, Cəbrayıl, Salyan, Dağlıq Qarabağ, Göyçay və s. bölgələrdən olan nümayəndələr çıxış etmişlər. Ali məclisdə son sözü Mustafa Quliyev demiş, əlifba məsələsinə aydınlıq gətirmişdi.