· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda respublika elmi-praktik konfransı

Mayın 2-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda respublika elmi-praktik konfransı keçirildi.

Konfransda Təhsil Nazirliyinin rəhbər işçiləri, nazirliyin struktur bölmələrinin, ali, orta ixtisas, ümumtəhsil məktəblərinin rəhbərləri, alimlər, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq bu günlərdə ölkəmizin hər yerində, bütün müəssisə və təşkilatlarda ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 85 illiyinin geniş qeyd olunduğunu bildirdi. Bu münasibətlə keçirilən çoxsaylı tədbirləri, hər gün yüzlərlə, minlərlə insanın Fəxri xiyabana axışaraq böyük öndərin məzarını ziyarət etməsini Heydər Əliyevə olan ümumxalq məhəbbətinin təzahürü kimi dəyərləndirən nazir elmi-praktik konfransa da məhz ulu öndərin əziz xatirəsini yad etmək, onun təhsillə, təhsil işçiləri ilə bağlı həyata keçirdiyi tədbirləri bir daha yada salmaq üçün yığışdıqlarını söylədi.

Dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra konfrans iştirakçılarına nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi tərəfindən hazırlanmış "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda film nümayiş etdirildi. Təqdim olunan lentdə böyük öndərin təhsil müəssisələrində olması, təhsil işçiləri ilə keçirdiyi çoxsaylı görüşlər, təhsilin əhəmiyyətilə bağlı söylədiyi müdrik fikirlər, müəllimin cəmiyyətdəki roluna verdiyi yüksək qiymət öz əksini tapmışdı. Film konfrans iştirakçılarına böyük təsir bağışladı.

Təhsil naziri Misir Mərdanov respublika elmi-praktik konfransında geniş məruzə etdi. Məruzəsinə nümayiş olunan filmə münasibət bildirməklə başlayan nazir onun çox təsirli olduğunu, insanda kövrək hisslər yaratdığını söylədi. Bildirdi ki, filmdəki görüntülər, xüsusən də Heydər Əliyevin uşaqlara münasibəti bir tərəfdən bizim hamımızı kədərləndirir və düşündürürsə, digər tərəfdən də sevinirik ki, onun ideyaları, arzuları, istəkləri, başlamış olduğu nəhəng işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Azərbaycan xalqının hər bir nümayəndəsinin Heydər Əliyevin mənalı həyatını öyrənməyə, özü üçün ibrət götürməyə çalışmalı olduğunu deyən nazir "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda daha professional və sanballı bir filmin yaradılmasına ehtiyac duyulduğunu qeyd etdi. Vurğuladı ki, Heydər Əliyevin həyat və fəaliyyəti, 1969-2003-cü illərdə təhsil sahəsində gördüyü işlər haqqında çoxlu əsərlər yazılsa da, kitablar çap olunsa da, bunlar hələ böyük şəxsiyyətin həyatı haqqında tam təsəvvür yaratmır. Böyük öndər haqqında daha çox əsərlər yazılmalı, onun çoxsaylı fəaliyyəti daha dərindən öyrənilməlidir.

Uzun illər Heydər Əliyevin rəhbərliyi altında işləməsi, onunla dəfələrlə görüşüb tövsiyələrini, tapşırıqlarını dinləməsi və onları həyata keçirməyə çalışması ilə fəxr etdiyini deyən Misir Mərdanov böyük öndərlə bağlı bəzi xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Daha sonra Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsil işçilərinə göstərdiyi böyük qayğıya, təhsil sahəsində həyata keçirdiyi müdrik siyasətin bəzi məqamlarına diqqəti yönəltdi. Qeyd etdi ki, təhsilə, təhsil işçilərinə qayğı Azərbaycanda hakimiyyətdə olduğu bütün illərdə ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Bu qayğını Heydər Əliyevi gördüyü ilk gündən - 1974-cü ildən hiss etdiyini deyən Misir Mərdanov o vaxt Bakı Dövlət Universitetinə gələn böyük öndərin auditoriyaları gəzərkən bir qrup gənc riyaziyyat müəllimi ilə görüşüb açıq, səmimi söhbət etdiyini, onların problemləri ilə maraqlandığını bildirdi. Qeyd etdi ki, məhz bu qayğısının, Bakı Dövlət Universitetinə böyük hörmətinin ifadəsi idi ki, ulu öndər hakimiyyətdə olduğu illər ərzində bir neçə dəfə ölkənin bu baş ali təhsil ocağında olmuş, tələbə və müəllimlərlə görüşmüş, universitetin 75, 80 illik yubileylərində iştirak etmiş, 1994-cü ildə universitetin 75 illik yubileyi ilə əlaqədar yaradılmış yubiley komissiyasına rəhbərlik etmişdir.

Məruzədə Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil quruculuğu sahəsində aparılan işlərdən, təhsil sistemində böyük dəyişikliklərin əsasını qoymuş İslahat Proqramının işlənib hazırlanmasında və qəbulunda Heydər Əliyevin öz müdrik göstəriş və tövsiyələri ilə bilavasitə iştirak etməsindən də ətraflı söz açıldı. Qeyd olundu ki, Təhsil İslahatının inqilabi yolla deyil, təkamül yolu ilə aparılmasını tövsiyə edən ümummilli lider yeni təhsil quruculuğu prosesində milli mənəvi dəyərlərin əsas götürülməsi ilə bərabər, sovet təhsil sisteminin müsbət cəhətlərindən istifadəni, qabaqcıl ölkələrin bu sahədəki təcrübələrinin nəzərə alınmasını da zəruri sayırdı.

Nazir 90-cı illərin əvvəllərində, ölkənin ağır vəziyyətdə olduğu, ali təhsil ocaqlarının ciddi çətinliklərlə qarşılaşdığı bir vaxtda ulu öndərin dövlət ali məktəblərində ödənişli təhsilin tətbiqi ilə bağlı verdiyi qərarı yüksək dəyərləndirib, bu addımın ölkənin ali məktəblərinin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini vurğuladı.

Daha bir maraqlı məqama toxunan Misir Mərdanov bildirdi ki, ali təhsilimizin Avropa təhsil məkanına inteqrasiyasına real imkanlar açmış Boloniya Bəyannaməsinə 2005-ci ildə qoşulsaq da, ulu öndərimiz həmin Bəyannamədə təsbit olunmuş əsas məqsədlərin mahiyyətini böyük uzaqgörənliklə hələ bir neçə il əvvəldən açıqlamışdı. 1999-cu ilin martında keçirilmiş Təhsil Sahəsində İslahat üzrə Dövlət Komissiyasının iclasındakı yekun nitqində ümummilli lider demişdir:

"Azərbaycanın təhsil sistemində təhsil alan insanların, xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın".

Təhsil naziri məruzəsinin sonunda Heydər Əliyevin ölkədə dövlət quruculuğu, təhsil sahəsində atdığı addımların bu gün uğurla davam etdirildiyini diqqətə çatdırdı. Dedi ki, bu gün ölkəmizdə bütün daxili və xarici siyasət, o cümlədən təhsil siyasəti Heydər Əliyevin qoyduğu yolla gedir. Biz fəxr edirik ki, 1969-1982-ci illərdə, ondan sonrakı dövrlərdə atılan addımlar indiki dövrün tələblərinə uyğun davam etdirilir. Bu gün təhsilimiz Heydər Əliyev tərəfindən qoyulmuş təməl əsasında inkişaf edir.

Misir Mərdanov Azərbaycanın təhsil işçilərinin öz ulu rəhbərlərini heç zaman unutmayacaqlarına, onun əməllərini daim yaşadacaqlarına əmin olduğunu bildirdi.

Elmi-praktik konfransda məruzə ətrafında çıxışlar oldu. çıxış üçün söz alan millət vəkili, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, millət vəkili, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev Heydər Əliyev haqqında nümayiş olunan filmin onları da təsirləndirdiyini, filmdə və məruzədə böyük öndərin təhsilimizə qayğısını, onun inkişafı naminə fəaliyyətinin bir sıra məqamlarının əks olunduğunu bildirdilər.

çıxışlarda ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlət quruculuğu sahəsindəki xidmətlərindən ətraflı söz açıldı, böyük öndərin ideyalarının, ölkənin inkişafı, xalqın rifahı naminə gördüyü misilsiz işlərin onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyi, dövlət başçısının təhsilə davamlı olaraq qayğı göstərdiyi vurğulandı.

 

Y.ƏLİYEV

 

 

 

Təhsil Nazirliyində Oslo Universitetinin əməkdaşları ilə görüş

Mayın 6-da Təhsil Nazirliyində Norveç Krallığı Oslo Universitetinin əməkdaşları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Nazir qonaqların Oslo Universitetinin idarəolunması, maliyyələşməsi, kredit sisteminin tətbiqi, ümumilikdə bu sahə üzrə ətraflı məlumat verəcəklərini diqqətə çatdırıb. Nazir həmçinin  Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı mövcud əlaqələr, qurulan əməkdaşlıqdan söz açıb və bildirib ki, təqdimatın keçirilməsində bu təhsil müəssisəsinin rolu böyükdür.

Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg cari ilin fevralında Təhsil Nazirliyində keçirilən görüş barədə danışıb və həmin görüşdə Oslo Universiteti əməkdaşlarının nazirlikdə təqdimat-məruzə etməsinin qərara alındığını açıqlayıb. Səfir universitet əməkdaşlarını iştirakçılara təqdim edərək onların hazırladıqları təqdimatdan söz açıb.

Oslo Universitetinin professoru xanım Vibeke Roggen "Oslo Universiteti: dünən, bu gün və sabahın tələbləri" mövzusunda təqdimat-məruzə edib. V.Roggen məruzəsində Norveç Krallığı haqqında ümumi məlumat verib, ali təhsil islahatı, təhsil siyasəti, Oslo Universitetinin fəaliyyət istiqamətləri, Boloniya prosesinə uyğun görülən işlər, tələbə mübadiləsi və s. məsələlərə toxunub.

Tədbirdə ali təhsil müəssisələri və nazirliyin struktur bölmə rəhbərləri iştirak edib.