· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Liseydə Heydər Əliyev guşəsi

Mayın 12-də P.B.Hüseynov adına 6 nömrəli Bakı Peşə Liseyində ulu öndərin 85 illik yubileyi münasibətilə yaradılmış "Heydər Əliyev guşəsi"nin açılışı ilə əlaqədar geniş tədbir keçirildi. Toplantıda Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon şöbəsinin sədri Nəbi Xəlilov, Binəqədi RİH-nin nümayəndəsi İlqar Pənahov, məclisə dəvət almış digər qonaqlar, liseyin müəllim və şagird kollektivi iştirak edirdilər.

 

Liseyin vestibülü önündə düzənlənmiş şagirdlərə farağat komandası verən məktəbin hərbi geyimli, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, kapitan Xudaverdi Həsənov qonaqlara və məktəb rəhbərliyinə raport verərək tədbirin keçirilməsinə hazır olduqlarını bildirdi. Bundan sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Giriş sözü ilə tədbiri açan liseyin direktoru Sahib Rüstəmov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi mənalı və şərəfli ömür yolundan, harada olmasından asılı olmayaraq yalnız vətəninin çiçəklənməsi, xalqının tərəqqisi üçün çalışdığından, dünyanın tanınmış siyasi xadimləri arasında böyük nüfuzundan, memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasını millətinə ərməğan etdiyindən və dünyasını dəyişib əbədiyyətə qovuşduqdan sonra tarixə dönərək bu gün milyonların qəlbində yaşamasından söz açdı. Natiq həmçinin ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla həyata keçirilməsi nəticəsində son beş ildə respublikada qazanılan yüksək iqtisadi və siyasi göstəricilərin sevindirici olduğundan, Azərbaycanın sıçrayışlı inkişafla regionun lider dövlətinə çevrildiyindən, inkişaf etmiş dünya ölkələri arasında xüsusi yer tutduğundan danışdı.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov ulu öndərin daim gənclərin yaşayış və həyat tərzinin yaxşılaşmasına qayğı göstərdiyini, onların işlə təmin olunması və yüksək intellektli vətəndaşlar kimi yetişməsi üçün təxirəsalınmaz tədbirlər gördüyünü, bilik və bacarığı ilə fərqlənən tələbələrin dünya ölkələrinin ali məktəblərində oxumaları üçün şərait yaratdığını, ümumilikdə təhsilin inkişafına böyük önəm verdiyini toplantı iştirakçılarının nəzərinə çatdırdı. Respublikanın iqtisadi inkişafında peşə yönümlü ustaların əməyinin böyük olduğunu vurğuladı, liseyin şagirdlərinə yaxşı oxumağı tövsiyə etdi.

Toplantıda çıxış edən Nəbi Xəlilov, İlqar Pənahov, liseyin müəllimləri Sabir Cəfərli və Nəcibə Əsgərova, müharibə veteranları və valideynlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bəzi məqamlarından söz açdılar. Ulu öndərin Sov.İKP MK-nın siyasi bürosu üzvü olduğunu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldiyini, tutduğu bütün vəzifələrdə həmişə xalqına başucalığı gətirdiyini, İttifaq dağılandan sonra böyük cəsarətlə vətənə qayıdaraq parçalanma təhlükəsi qarşısında qalan Azərbaycan Respublikasını bəlalardan qurtarıb müstəqil, demokratik bir ölkə qurduğunu vurğulayaraq uzaqgörən və müdrik rəhbər Heydər Əliyevin ölməz ideyaları ilə Azərbaycan xalqının qəlbində daim yaşayacağını xüsusi qeyd etdilər.

çıxışlardan sonra şagirdlərin ifa etdikləri müxtəlif kompozisiyalar iştirakçılar tərəfindən maraqla dinlənildi.

Lent kəsilərək yığıncaq iştirakçıları liseyin vestibülündə yaradılmış "Heydər Əliyev guşəsi"nə dəvət edildilər. Rəngarəngliyi ilə diqqəti cəlb edən guşə dövlət rəmzləri, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, daxili və xarici siyasətini, iqtisadiyyatın, təhsilin, kənd təsərrüfatının inkişafını, ordu quruculuğundakı nailiyyətlərini əks etdirən fotoşəkillərlə zənginləşdirilib. Guşədə həmçinin Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyəti haqqında yazılmış rəngarəng kitablar diqqəti cəlb edir.

Nizami MİRZƏ