|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
YUNESKO-nun regional konfransı haqqında media mənsublarına açıqlama verilir Mayın
14-də "Gülüstan" sarayında həmin gün işə
başlayan "Dünyada Savadlılığın
Dəstəklənməsi" üzrə YUNESKO-nun regional
konfransına həsr olunmuş mətbuat konfransı keçirildi. YUNESKO Baş direktorunun təhsil üzrə müavini
Nikolas Börnet, ömürboyu təhsil üzrə YUNESKO Beynəlxalq
İnstitutunun direktoru Adama Ouen, BMT-nin təhsil
prioritetləri üzrə bölməsinin rəhbəri Mark Riçmond
və YUNESKO-nun sözçüsü xanım Su Uilyamsın iştirak
etdikləri mətbuat konfransını Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov açaraq
bildirdi ki, YUNESKO-nun "Dünyada Savadlılığın
Dəstəklənməsi" üzrə konfransı Bakıda
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə təşkil olunub. üç gün ərzində - mayın
14, 15 və 16-da keçirilən tədbirdə YUNESKO-nun Baş
direktoru cənab Koişiro Matsuura, Hollandiya şahzadəsi
Ulyahəzrət Laurentien, YUNESKO-nun xoşməramlı
səfirləri, İordaniya şahzadəsi xanım Ferial,
İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir
kimi ali qonaqlarla yanaşı, konfransa qatılan ölkələrin
bir çoxunun təhsil nazirləri və nazirlərin nümayəndələri,
eləcə də region ölkələrinin savadlılıq
problemi sahəsində ixtisaslaşmış 131 nüfuzlu
eksperti iştirak edir. Təhsil nazirinin məlumatından aydın
oldu ki, regional konfrans qlobal savadlılığın
dəstəklənməsi məqsədilə dünyanın
ayrı-ayrı regionlarında keçirilməsi
nəzərdə tutulan altı silsilə konfransdan beşincisidir.
Bu konfranslar BMT-nin savadlılıq onilliyi və YUNESKO-nun
savadlılığın dəstəklənməsi təşəbbüsü
çərçivəsində təşkil olunur. Regional
konfransların keçirilməsi ideyası ABŞ-ın birinci
xanımı və BMT-nin savadlılıq onilliyi proqramının
fəxri səfiri xanım Laura Buşun himayəsi ilə
2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən Qlobal
Savadlılıq üzrə Ağ Ev konfransı zamanı
meydana gəlmişdir. Təşəbbüsün əsas
məqsədi təhsilə investisiyaların artırılması və
bununla da qlobal miqyasda insanların savadlılıq
səviyyəsinin yüksəldilməsidir. Ərəb ölkələrini
əhatə edən birinci regional konfrans 2007-ci ilin mart ayında
Qatarın paytaxtında ölkənin birinci xanımının
himayəsi altında keçirilmişdir. Şərqi və
Cənubi-Şərqi Asiya bölgəsini əhatə
edən ikinci konfrans 2007-ci ilin avqust ayında çinin Pekin
şəhərində, Afrika bölgəsini əhatə
edən üçüncü konfrans 2007-ci ilin sentyabrında Malidə,
Cənub və Cənub-Qərbi Asiya bölgəsini
əhatə edən dördüncü konfrans isə 2007-ci ilin
noyabrında Dehli şəhərində keçirilmişdir.
Avropa regionu üzrə bu gün başlayan beşinci regional
konfrans bölgənin 31 ölkəsini əhatə edir. Nazir qeyd etdi ki, bu konfranslar müvafiq regionların
savadlılıqla bağlı spesifik problemlərini
əhatə etdiyindən Bakı konfransı mahiyyəti
və məzmunu etibarı ilə təbii olaraq digər
regional konfranslardan fərqli olacaqdır. Müasir Avropada savadlılıq anlayışı
yalnız insanın yazmaq və oxumaq qabiliyyəti ilə
məhdudlaşmır və Avropa regionunda artıq savadlılıq
probleminə tamamilə yeni baxış mövcuddur. Savadlılıq
probleminin yeni tərzdə, daha geniş rakursda şərhi
meydana gəlmişdir. Bu gün savadlılıq dedikdə
təkcə oxu və yazı bacarığı olan deyil,
həmçinin texniki biliklər, kompüter vərdişləri,
effektiv ünsiyyət bacarığı, məlumatı
anlama, onu şərh etmə və ötürmə bacarığı,
sosial bilgilər və eləcə də bütün bunları
praktik həyatda tətbiq etmək vərdişləri
nəzərdə tutulur. Bu kriteriyalara cavab verməyən
gənclər və yaşlılar, əlbəttə,
cəmiyyətdə öz funksiyalarını tam və
səmərəli şəkildə yerinə yetirə
bilmirlər. Bakı konfransının məhz bu
problemlərin müzakirəsinə və onların həlli
yollarının axtarılmasına həsr olunduğunu söyləyən
nazir tədbirdə Avropa regionu və o cümlədən
də Azərbaycan üçün bu vaxta qədər
dərindən araşdırılmayan savadlılıqla bağlı
müxtəlif aspektlərin müzakirə olunacağını
diqqətə çatdırdı. Əlavə etdi ki, bu
konfrans Azərbaycanın təhsil işçilərinə
və alimlərinə Qərbin nüfuzlu alimləri ilə
səmərəli işçi əlaqələrin yaradılmasına
və gələcəkdə bu sahədə birgə
layihələrin və proqramların həyata keçirilməsinə
geniş imkanlar da açacaqdır. Bu baxımdan Avropa ölkələri
üçün mühüm olan konfransın Azərbaycan üçün xüsusilə
böyük əhəmiyyətə malik olduğunu vurğulayan
nazir giriş sözündə daha sonra media mənsublarına onun keçirilmə qaydaları, müzakirə olunacaq
məsələlər barədə məlumat verdi. Qeyd
etdi ki, konfrans plenar iclaslar və işçi qruplarında müzakirələr
formasında keçiriləcəkdir. Plenar iclaslarda "Savadlılıq
konsepsiyası, onun təkamülü və müasir dünyada yaşlıların
təhsili", "Qiymətləndirmə: savadlılıq
göstəricilərinin və əsas bacarıqların
qiymətləndirilməsi", "Pedaqoji yanaşmalar:
keyfiyyətli əsas təhsilin təmin olunması",
"Yeni tələblərə cavab və təhsil almaq
imkanlarının genişləndirilməsi" mövzuları
müzakirə olunacaq. M.Mərdanov konfransın
ikinci və üçüncü günlərində 6 işçi
qrupunda müzakirə olunacaq mövzularla da jurnalistləri tanış
etdi. Giriş sözünün sonunda qonaqları KİV nümayəndələrinə
təqdim edən Misir Mərdanov konfransı açıb, onu
aparmaq üçün sözü YUNESKO-nun mətbuat xidmətinin
rəhbəri xanım Su Uilyamsa verdi. YUNESKO sözçüsü konfransın
əhəmiyyətindən danışıb onun təşkilində
əməyi olanlara minnətdarlıq etdi. Mətbuat
konfransında çıxış edən YUNESKO Baş
direktorunun müavini Nikolas Burnet konfransın müzakirə etdiyi
mövzunun aktuallığına diqqəti cəlb etdi.
Bildirdi ki, hazırda Mərkəzi və Şərqi
Avropada 9 milyon insan yazıb-oxumağı bacarmır.
Avropada savadlılıq dərəcəsinin 96 faizdən
yuxarı olmasına baxmayaraq, bu məsələ region ölkələrinin
qarşısında ciddi problem kimi dayanır. Azərbaycan
da təhsil sahəsində müsbət
ənənələrini saxlamaqla digər ölkələrin
yeniliklərini tətbiq edir və bu
məsələdə YUNESKO ilə sıx əməkdaşlıq
mövcuddur. Konfransda Azərbaycanla YUNESKO arasındakı
əlaqələr, ölkəmizin YUNESKO
layihələrində iştirakı
məsələlərindən də söhbət açıldı.
Bildirildi ki, Azərbaycanda ümumtəhsil
məktəblərində inklüziv təhsillə bağlı
dövlət proqramı həyata keçirilir. Bu layihənin
maliyyələşməsində YUNESKO yaxından iştirak
edir. Bu beynəlxalq təşkilatla son vaxtlar peşə
təhsilinə dəstək sahəsində də müvafiq
razılıq əldə olunub və YUNESKO həmin
layihənin həyata keçirilməsində maliyyə yardımı
ilə iştirak edəcək. Konfransda jurnalistləri maraqlandıran
suallara cavablar verildi. Y.ƏLİYEV, H.ƏKBƏROVA
|