· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Həmyerlimiz Fransanın Monpelye Universitetinin müəllimidir

Doğma vətəndən - Azərbaycandan kənarda yaşayan, təhsil alan, işləyən hər bir soydaşımızın xoş sorağını eşidəndə sevinirik, qürur hissi duyuruq. Bu günlər belə soydaşlarımızdan biri - Fransanın Monpelye Universitetinin müəllimi, iqtisadi elmlər doktoru Emin Ağamalıyevin Bakıya gəldiyini eşidəndə  onunla görüşmək qərarına gəldik.

 

Emin bu görüşə elmi rəhbəri olmuş fransalı professor Jan Mari Russo ilə birlikdə gəlmişdi. Elə bu görüş zamanı öyrəndik ki, onun dərs dediyi universitetdə aprelin 12-dən 28-nə kimi tələbələrin tətil günləri olduğundan Emin də bu fürsətdən istifadə edərək doğma Vətənə, yaxınlarını görməyə gəlib.

Sözün doğrusu, yenicə tanış olduğum bu gənc alimdən keçdiyi mənalı həyat yolunun bütün parametrlərini öyrənməyə çalışırdım. O, özü haqqında belə dedi: - 1980-cı il aprelin 2-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışam. Paytaxtdakı 250 nömrəli orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin kommersiya və iqtisadi münasibətlər ixtisasına qəbul olunmuşam. İqtisad Universitetində oxuduğum illərdə rektor olmuş, hazırda Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov mənə çox böyük qayğı göstərmişdir. 2000-ci ildə universiteti bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Eyni zamanda universitetimizdə fəaliyyət göstərən 2 illik kursda fransız dilini mükəmməl öyrənmişəm. Elə həmin il Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi müsabiqədə 15 nəfərin arasından seçilərək DEA (Master 2) dərəcəsi üzrə Fransanın Monpelye 1 Universitetinə iqtisadi  siyasət: makrodinamika və dövlət qərarlarının təhlili ixtisasına qəbul olunmuşam. 2001-ci ildə bu təhsilimi müvəffəqiyyətlə başa vurub, Monpelye 1 Universitetinin doktoranturasına daxil olmuşam. Əvvəl professor Jan Mari Russonun, o, təqaudə çıxdıqdan sonra isə professor Jak Abenin rəhbərliyi altında "Təhsilə olan xərclər vasitəsi ilə gələcək gəlirlər üzrə qeyri-müəyyənliyin idarə olunması" mövzusu üzrə universitetin LASER tədqiqat mərkəzində çalışmışam. 2006-cı ilin dekabr ayının 18-də bu mövzu üzrə elmi işi müdafiə edərək iqtisadi elmlər doktoru adına layiq görüldüm. Bundan əlavə, münsiflər heyəti elmi işi ən yüksək kateqoriyaya aid etdilər (Fransada müdafiə olunan doktorantura dissertasiyaları işin mahiyyətinə və aktuallığına görə 4 kateqoriyaya bölünür).

Mən müəllimlik fəaliyyətinə 2004-cü ildən Monpelye 1 və Monpelye 2 universitetlərində başlamışam. İlk əvvəl Monpelye 2 Universitetinin sosial elmlərə tətbiqi riyaziyyat ixtisasında mikroiqtisadiyyat fənni üzrə dərs deməyə başladım. Hazırda pedaqoji fəaliyyətimi mikroiqtisadiyyat, makroiqtisadiyyat, statistika (xüsusilə ehtimal nəzəriyyəsinin tətbiqi), marketinq (xüsusilə məlumatların təhlili) sahələri üzrə hər iki universitetin müxtəlif ixtisaslarında davam edirəm. Bu ildən etibarən Monpelye 3 Universitetində də pedaqoji fəaliyyətə başlamışam.

Emin Ağamalıyevlə olan sonrakı söhbətlərimizdə onun Fransanın ən tanınmış jurnallarında apardığı elmi araşdırmaları ilə əlaqədar xeyli sayda məqalələri çap olunduğunu, 2004-2005-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində 2 həftə mühazirə oxuduğunu, Fransa-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycanın Fransadakı səfirliyi ilə sıx əlaqə saxlayaraq onların tədbirlərində daim iştirak etdiyini, 2001-ci ilin mayında Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar Monpelye şəhərində "Avropa ailəsi genişlənir" mövzulu seminarda Azərbaycanı təmsil etməsini, Avropa Gənclər Hərəkatı Təşkilatının keçirdiyi seminarda Azərbaycan haqqında (fransız dilində) Qarabağ həqiqətləri haqqında etdiyi çıxışının böyük maraqla qarşılandığını öyrəndik.

Bütün bunlarla bərabər Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət və əməkdaşlıq attaşesi Lük Ovri tərəfindən 2008-ci il martın 7-də Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı məktubda oxuyuruq: "Sizə bir daha müraciət edərək diqqətinizi maraqlı bir hala yönəltmək istərdim. Gənc və istedadlı iqtisadi elmləri doktoru Emin Ağamalıyevdən söhbət açmağı zəruri bildim. Hazırda o, Monpeyle 1 Universitetində dərs deyir və fevral ayında sizin nazirliyə bir neçə sənəd göndərib.

Təhsil Nazirliyinə göndərilmiş həmin sənədlər onun bu yaxınlarda müdafiə etdiyi doktorluq dissertasiyasının bir nüsxəsi, Fransada nəşr olunan "Revüe Esonomique" jurnalında çap olunmuş məqaləsi və həmçinin (nazirliyin xahişinə əsasən) Monpelye Universitetində doktorluq dissertasiyasının müdafiəsi haqqında verilən sənəd və onun Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təsdiqlənmiş Azərbaycan dilinə tərcüməsindən ibarətdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, Monpelye Universiteti tərəfindən verilən bu sənəd doğru və səlahiyyətlidir.

Emin Ağamalıyev Fransada oxuduğu üçün səfirlik onu yaxşı tanıyır. Bakıda olarkən dissertasiyasının bir nüsxəsini səfirliyə təqdim etmiş və biz onun dissertasiyasının mövzusunu çox aktual və Azərbaycan üçün böyük maraq kəsb edən hesab edirik...

Bu gənc alim  haqqında yalnız müsbət məlumat verə bilərik və ümid edirik ki, onun intellektual potensialı, apardığı elmi araşdırmaları Azərbaycanın inkişafına xidmət edə biləcək".

Emin haqqında deyilən bu sözlər nəinki atası Qafar kişinin, anası Aişə xanımın, qardaşı Anarın, bacısı Arzunun sevincinə səbəb olub, eləcə də onu tanıyanların qəlbini riqqətə gətirib.

Əvvəllər elmi rəhbəri olmuş professor Jan Mari Russo ilə söhbətimizdə Emin haqqında, onunla necə tanış olması barədə fikirlərini öyrənmək istədik. O əvvəlcə bildirdi ki, mən 2000-ci ildən Azərbaycana gəlib-gedirəm. Monpelye Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında TACİS proqramı çərçivəsində bağlanmış müqaviləyə əsasən əməkdaşlıq əlaqəsi yaratmışam. Bu layihə əsasında tələbələrin, müəllimlərin müıbadiləsi həyata keçirilmişdir. 2000-ci ildə Monpelye Universitetində magistr dərəcəsi üzrə ixtisaslara mən rəhbərlik edirdim. Elə həmin il Eminlə burada tanış olduq. Onun yüksək biliyə, gözəl insani  keyfiyyətlərə malik olması məni valeh etdi. Mən Azərbaycanı, onun bütün insanlarını çox sevirəm. Bəlkə də ona görədir artıq 2 ilə yaxındır ki, Bakıda yaşayıram. Bütün bunlarla bərabər, mən Eminin gələcəyinə, yüksək dərəcəli müəllim və mütəxəssis olacağına inanıram...

Elə biz də Fransanın Monpelye Universitetində dərs deyən gənc alim Emin Ağamalıyevə yeni-yeni uğurlar diləyirik. Arzu edirik ki, onun daim xoş sorağını eşidək.

 

Ədalət DAŞDƏMİRLİ