|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Nazir korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun üzvləri ilə görüşdü Yanvarın
8-də təhsil naziri Misir Mərdanovun nazirlikdə yaradılmış
korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun
üzvləri olan qeyri-hökumət təşkilatlarının
təmsilçiləri ilə görüşü oldu. Görüşdə
işçi qrupunun fəaliyyət istiqamətləri, onda
təmsil olunan qeyri-hökumət təşkilatları
ilə əməkdaşlıq məsələləri müzakirə
edildi. Görüş iştirakçılarını
salamlayan nazir ali məktəblərdə qış imtahan
sessiyasının artıq başlandığını
bildirib, imtahanların şəffaf və obyektiv keçirilməsində,
imtahanlar zamanı yarana biləcək korrupsiya hallarının,
digər neqativ halların aşkara çıxarılması
və aradan qaldırılmasında qeyri-hökumət təşkilatlarının
Təhsil Nazirliyinə yaxından kömək edə
biləcəyini vurğuladı. Görüşü təkcə
ali məktəblərdə semestr imtahanları ilə bağlamağı
düzgün saymadığını söyləyən Misir müəllim
yaradılan qrupun il ərzində fasiləsiz
fəaliyyət göstərməsini, qrup üzvləri ilə
nazirliyin rəhbərliyi arasında görüşlərin müntəzəm
keçirilməsini, meydana çıxan problemlərin operativ müzakirə
olunmasını, qrup üzvlərinin Təhsil Nazirliyinin
tədbirlərində iştiraklarını zəruri saydı.
Təhsildə korrupsiyaya qarşı fasiləsiz mübarizə
aparmağın vacib olduğunu bildirən Misir Mərdanov
işçi qrupuna öz fəaliyyətlərini təkcə ali
məktəblərdə keçirilən semestr imtahanları
ilə məhdudlaşdırmayıb, təhsilin digər
pillələrində də korrupsiya hallarına qarşı
fəal mübarizə aparmağı tövsiyə etdi. Misir Mərdanov korrupsiyaya qarşı mübarizənin
nəticə verməsi üçün həm ictimaiyyətin nümayəndələrinin,
tanınmış ictimai xadimlərin, KİV əməkdaşlarının,
həm də valideynlərin, təhsil alanların bu işə
fəal cəlb olunmasının zəruriliyini vurğuladı. Təhsil sistemindəki korrupsiya hallarına
qarşı mübarizədə valideynlərin, ictimaiyyət
nümayəndələrinin hələ inamsızlıq göstərdiyini
deyən nazir onları inandırmaq üçün işi düzgün
qurmağı, birgə fəaliyyət göstərməyi,
yerlərdə maarifçilik işlərini gücləndirməyi,
bu məqsədlə işçi qrupunun üzvlərinin müntəzəm
şəkildə təhsil müəssisələrində
olmasını vacib saydı. Görüşdə çıxış edən
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin
Məlumat və Əməkdaşlıq Şəbəkəsinin
koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı
Mübarizə Fondunun təmsilçisi Vasif Mövsümov, Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzinin
koordinatoru Nailə İsmayılova səmimi qəbula görə
nazirə minnətdarlıqlarını bildirdilər.
Korrupsiyaya qarşı mübarizə sahəsində
Təhsil Nazirliyinin gördüyü işləri
dəstəklədiklərini söyləyən qeyri-hökumət
təşkilatlarının təmsilçiləri özlərinin
bu istiqamətdəki fəaliyyətlərindən, planlaşdırdıqları
tədbirlərdən söz açıb, təkliflərini
bildirdilər. çıxışlarda işçi qrupu
tərəfindən qış semestri ərzində ali
məktəblərdə monitorinqlərin aparılması,
monitorinqin nəticələrinin birgə müzakirəsinin
keçirilməsi, işçi qrupunun saytının yaradılması,
saytda öz əksini tapmalı olan məlumatlar, ali
məktəblərdə "İnam günü"nün,
tələbələr arasında sorğuların keçirilməsi,
maarifləndirmə sahəsində işlərin gücləndirilməsi,
Azərbaycan hökumətinin qəbul etdiyi "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"nın mahiyyətini təhsil işçilərinə
çatdırmaq üçün yerlərdə maarifləndirmə işlərinin
aparılması, bu məqsədlə konfransların,
seminarların təşkil olunması, İctimai
televiziyadakı "Açıq dərs" verilişinin
birinin bu mövzuya həsr olunması, "Təhsil
sistemində antikorrupsiya sorğu kitabçası"nın
hazırlanması, daxil olan siqnallara operativ reaksiya
verilməsi, siqnal gələn yerlərə işçi
qrupunun üzvləri və Təhsil Nazirliyinin nümayəndələrindən
ibarət qrupun göndərilməsi, əməkhaqları
plastik kartlarla verilməyən yerlərdə bu sistemin
tətbiqinin sürətləndirilməsi və s. kimi
təkliflər səsləndi. Görüşdə iştirak edən "Şəffaflıq
Azərbaycan" təşkilatının layihə baş
koordinatoru Ceyhun Atayev imtahanlar zamanı korrupsiya hallarının
aşkarlanması, bu hallara qarşı tədbirlərin görülməsi
məqsədilə təqvim şəklində hazırladıqları
və üzərində "Tələbə! Rüşvət
vermə! Bu qaynar xətlərə zəng vur!" sözləri,
Təhsil Nazirliyinin və "Şəffaflıq
Azərbaycan" təşkilatının "qaynar
xətt"lərinin telefon nömrələri, elektron poçt
ünvanları yazılmış flayeri nazirə təqdim
etdi. 5000 nüsxə hazırlanmış həmin
flayerlərin ali məktəblərin
tələbələrinə paylanması, elan lövhələrində
yerləşdirilməsi nəzərdə tutulub. Görüşü yekunlaşdıran nazir
deyilən təkliflərlə razılaşdığını
bildirib onların həyata keçirilməsində işçi
qrupuna nazirliyin lazımi dəstək verəcəyini söylədi,
belə çətin hava şəraitində görüşə
gəldikləri üçün qeyri-hökumət təşkilatlarının
təmsilçiləri olan işçi qrupunun üzvlərinə
minnətdarlıq etdi. Yusif ƏLİYEV |