|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Mərkəzləşdirilmiş
imtahan məktəbin, şagirdin və valideynin
xeyrinədir Hamıya yaxşı məlumdur ki, bir neçə
il bundan əvvəl Xətai və İmişli rayonlarının
orta məktəblərində başlanılmış
mərkəzləşdirilmiş buraxılış test
imtahanları təhsil nazirinin əmri ilə bu ildən
Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin
ərazisində yerləşən və orta təhsil haqqında
sənəd vermək hüququna malik bütün tədris ocaqlarının
onbirinci sinif şagirdlərinə
şamil edilmişdir. Artıq bu istiqamətdə qızğın
iş gedir. Birinci sınaq imtahanı keçirilmiş və
nəticələr elan edilmişdir. Orta təhsil pilləsində, xüsusən
də yuxarı siniflərdə yaranmış
problemlərin həlli istiqamətində bu tədbirin hansı
əhəmiyyət kəsb etdiyinin sübutuna ehtiyac duyulmasa
da, həm pedaqoji ictimaiyyət, həm də valideyn və
şagirdlər arasında geniş müzakirə olunan bu
vacib məsələyə mən də münasibət
bildirməyi özümə borc sayıram. İlk növbədə ondan başlayaq ki,
obyektiv səbəblər üzündən orta təhsil
pilləsində qarşılaşdığımız
problemlərin həlli məsələsi hər bir
məktəb işçisini, hər bir valideyni və təbii
ki, müvafiq icra orqanı kimi Təhsil Nazirliyini narahat
etməkdədir. Həm ali, həm də orta təhsil
pillələrində çalışan bir şəxs kimi dünya
təhsil sistemində baş verən proseslərlə tanışlığım,
təhsil problemləri ilə bağlı
müxtəlif beynəlxalq
tədbirlərdə iştirakım onu söyləməyə
imkan verir ki, Azərbaycan təhsil sistemi dünyanın ən
qabaqcıl təhsil modelləri və texnologiyaları
üçün açıq olmaqla, ümumbəşəri və milli
dəyərləri özündə ehtiva etməyə çalışan
canlı, dinamik bir mexanizm və institut təəssüratı
yaradır. Mərkəzləşdirilmiş test imtahanı
ideyası da yaranmış təhsil-tədris situasiyasından,
beynəlxalq təcrübədən irəli gələn
təşəbbüsdür. İki il bundan əvvəl kütləvi
repetitorluğun orta təhsilimiz üçün ağır bəla
olması, bunun orta məktəblərimizin, müəllimlərimizin
nüfuzuna xələl və inamsızlıq
gətirməsi, geniş mənada sosial problemə çevrilməsi
barədə "Azərbaycan müəllimi"
qəzetində böyük bir məqalə ilə çıxış
etmişdim. Problem həll olunmadığından yenə
də öz fikirlərimizdə qalırıq. Ən böyük
dərd ondadır ki, orta məktəblərin yuxarı
sinif şagirdləri və onların valideynləri üçün
psixoloji problemə, baryerə çevrilmiş, onlarda qorxu hissi
oyadan repetitorluq yaxşı işləyən və işləmək
istəyən məktəblərimizin səylərini heçə
endirir. Yaxşı məktəblərimizin pedaqoji
kollektivləri mənəvi sarsıntıya məruz qalırlar,
axı bu və ya digər ali məktəbə daxil olan
onbirinci sinif şagirdinin, 600-dən çox bal toplayan
məzunun bütün müvəffəqiyyəti özlərini
"bunker" müəllimləri adlandıran repetitorların
ayağına yazılır. Məktəb valideyn
məhəbbətindən və rəğbətindən
kənar qalır, ictimai qınağa tuş gəlir.
Əvəzində isə bir saat belə olsun sinif
otağına ayaq basmamış şəxslərin,
yalançı müəllimlərin biznesi çiçəklənir, böyük
sayda yeniyetmə gəncimiz rəsmi və qeyri-rəsmi
qaydada "evdə məktəb" adıyla
təlim-tərbiyə prosesindən, normal tədris mühitindən
və rejimindən aralı düşür. Belə
gəncləri sabahkı tələbə həyatında,
hərbi xidmətdə hansı problemlər gözlədiyi
barədə də düşünmək pis olmazdı. Digər bir məsələ də ötən
tədris ilindən Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının qruplar üzrə yeni fənlər
əlavə etməsi ilə bağlı yaranan
vəziyyətin gətirdiyi gərginliklə bağlıdır
ki, bunu da şagirdlərimiz və onların valideynləri
özünəməxsus şəkildə həll
etməkdədirlər. Yəni bu addım da şagirdi
və onun valideynini məktəbə yaxınlaşdırmaq
əvəzinə, bir az da ondan aralı saldı: yeni
repetitorlar, əlavə dərsburaxma halları və s. Biz
hələ orta təhsil pilləsində qarşılaşdığımız
problemlərin az bir qisminə işıq saldıq. övladım
onbirinci sinifdə oxuduğundan həm valideyn, həm
də təhsil işçisi kimi mərkəzləşdirilmiş
imtahan ideyasının hansı zərurətdən doğduğunu
və bu tədbirin nə üçün pedaqoji kollektivlər, geniş
ictimaiyyət tərəfindən
dəstəklənməsinə ehtiyac duyduğumu ayırd
etməyə çalışdım. Bununla yanaşı,
mərkəzləşdirilmiş buraxılış test
imtahanının keçirilməsi ilə bağlı cari
tədris ilində orta təhsil müəssisələrində
yaranan canlanmaya münasibət bildirmək və imtahanın
təşkili ilə bağlı bir sıra irad və
təkliflər də irəli sürmək istərdim. Mərkəzləşdirilmiş buraxılış
test imtahanının keçirilmə mexanizmi indiki
mərhələdə yaxşı düşünülmüşdür.
Bu, davamlı və mərhələli bir proses olmaqla, orta
məktəblərdə yuxarı sinif şagirdləri
ilə işi tənzimləyir və fəallaşdırır,
onların dərsə davamiyyətini (artıq çoxdan
arzuladığımız motivasiyalı
davamiyyətdən söz gedir) yaxşılaşdırır.
öz bacarığını şagirddən
əsirgəməyən fənn müəlliminin rolunu artırır.
Düzdür, söhbət bu missiyanı anlayan, vəzifə
borcu kimi başa düşmək istəyən məktəb
rəhbərindən və müəllimdən gedir. Vay halımıza
ki, məktəb nizamnaməsinə uyğun olaraq üzərimizə
düşən vəzifəni yenə də repetitorların
üzərinə qoyaq, təşəbbüsü əldən
verək. Fikrimizcə, bu işin təşəbbüskarları
və təşkilatçıları da,
orta məktəblərimiz də, bəlkə çoxdan
başlamalı olduğumuz gözəl bir işin icraçısı
olduğumuzu və bizim professional fəaliyyətimizə
dəyən zərbələrdən xilas olmağımız
üçün şəraitin yarandığını çevik şəkildə
anlamalı, bu ideyanın işlək mexanizmə çevrilməsi
üçün hər addımlarında israrlı olmalıdırlar.
Mərkəzləşdirilmiş buraxılış
test imtahanı üzrə orta qiymətin çıxarılması
da bir sıra məktəb rəhbərləri və
eləcə də valideynlər arasında narahatçılıq
doğurur. Bizə elə gəlir ki, on və onbirinci
siniflərin yekun qiymətlərinin nəzərə alınması
və bunun qiymətin iyirmi beş faizini təşkil
etməsi indiki mərhələdə
məktəblərimizə göstərilən inam və
ehtiramın təzahürüdür. Bəli, təlimata uyğun
olaraq şagirdin illik qiyməti nəzərə alınmaqla
yekun qiymətin mərkəzləşdirilmiş test
imtahanı qiymətini aşmaması şərti qoyulsaydı,
tam əminəm ki, bu cür qiymətləndirmə
vəziyyətə azca da olsa, təsir
etməyəcək, orta məktəbi ətalətdən
çıxara bilməyəcəkdi. Fəaliyyətimizi canlandırıb
geniş ictimaiyyət arasında orta təhsil müəssisələrimizə
etimad və etibarı bərpa edə bilsək, yəqin
ki, məktəb qiymətləri həm nazirlik, həm
də Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən adekvat şəkildə
tanına bilər. Təbii ki, bu genişmiqyaslı tədbir
nazirliyin müvafiq şöbələri, bu işə
cəlb olunmuş mütəxəssislər və
nəzarətçi müəllimlərin də qarşısına
ciddi vəzifələr qoyur. Bir mütəxəssis və
məktəb rəhbəri kimi, qiymətləndirmə
şöbəsinin işə ciddi elmi-pedaqoji, metodiki
əsaslarla yanaşmasının, məsələni çox
geniş aspektdə görməyə cəhd etməsinin
şahidiyəm. Açığını
deyəcəyəm, Bakı Slavyan Universiteti kimi nüfuzlu
və tanınmış dövlət ali məktəbinin
nəzdində təsərrüfathesablı qurum statusunda
fəaliyyət göstərən liseyimiz valideynlər və
builki məzunlar qarşısında hansı
məsuliyyət daşıdığını yaxşı
anlayır. Keçən il 30 məzunumuzdan 25-i
tələbə adını qazana bilmiş, 6-sı
isə 600-dən çox bal toplamışdır. Bu il 60
məzunumuz olacaq. Onların ən azı keçənilki
nəticəni təkrar edə bilməsi üçün
mərkəzləşdirilmiş imtahanın liseyimizin
yuxarı sinif şagirdləri arasında yaratdığı
ab-havanın müsbət təsirinə ümidlərimiz böyükdür.
9 və 10-cu sinif şagirdləri arasında canlanma da
nəzərdən qaçmır. Bu vəziyyət məni
və müəllimlərimizi də bir vətəndaş
və müəllim kimi fəal olmağa sövq edir. Ona görə
də onbirincilərə çatdırılmış test
bankları ilə yaxından tanış olub, sual, tapşırıq
və məsələləri fənn metodbirləşmələrində
müzakirə etmişik. İmtahana düşən
fənlər üzrə dərslərin səmərəli
qurulması və müxtəlif səviyyəli (daha doğrusu,
müxtəlif qruplar üzrə hazırlaşan) şagirdlərlə
fərdi işin təşkili, fakültativ məşğələlərin,
seçmə fənlər üzrə dərslərin istisnasız
olaraq mərkəzləşdirilmiş buraxılış
test imtahanına hazırlığa yönəldilməsi
məsələsini həll etmişik. Test banklarında
və hətta birinci imtahanda müxtəlif fənlər üzrə
təklif olunmuş qeyri-dəqiq suallarla bağlı
təkliflərimizi şifahi və yazılı şəkildə
qiymətləndirmə şöbəsinin əməkdaşlarına
və elektron poçtuna çatdırmışıq.
Təkliflərimiz diqqətdən kənar qalmayıb. Bu işin daha səmərəli və dolğun
şəkildə təşkili məqsədilə daha bir
neçə məqamı vurğulamağa ehtiyac duyuram. Birincisi, mərkəzləşdirilmiş
test imtahanının builki dərs ilində daha geniş
ərazini və şagird kontingentini əhatə etdiyini
nəzərə alıb, məktəblilər və onların
valideynləri arasında daha geniş izahat işləri
təşkil olunmalı, telekanalların, tanınmış
qəzetlərin, digər mətbuat vasitələrinin
imkanlarından istifadə olunmalı, il ərzində keçiriləcək
sınaq imtahanlarının nəticələrinin
monitorinqi aparılmalı, Təhsil Nazirliyinin mətbu
orqanlarında, o cümlədən ayrı-ayrı
fənlər üzrə metodik məcmuələrdə
mərkəzləşdirilmiş imtahan üçün təklif
olunan test bankı və sınaq imtahanlarına düşən
test variantları ciddi şərh olunmalıdır ki,
əsas imtahanda problemlərlə üzləşməyək.
Fikrimizcə, şəhər təhsil şöbələrinin
metodkabinetləri də 11-ci siniflərdə dərs
deyən müəllimlər və məktəblərin
fənn metodbirləşmə sədrləri ilə bu yönümdə
seminar-treninqlərə yer verməlidirlər. İkincisi, mərkəzləşdirilmiş
buraxılış test imtahanı üçün təklif olunan
test bankı bundan sonra da hər bir 11-ci sinif şagirdinin
üzünə açıq olmalıdır. Hər hansı bir
fəndən müxtəlif siniflər, bölmələr, mövzular
üzrə 1000-2000 sayda test tapşırığı
təklif olunursa, bunun əvvəlcədən
məktəbliyə məlum olmasının və onu
istiqamətləndirməsinin nə ziyanı var?
Lakin test banklarının yaradılması mexanizminin
təkmilləşdirilməsinə ehtiyac duyulur. Hər
hansı fənn üzrə test bankının ən azı
üç qabaqcıl orta təhsil müəssisəsinin və müvafiq
universitetlərin uyğun kafedralarının
rəyindən keçməsi məqsədəmüvafiqdir. Test
bankları üzərində fasiləsiz işin təşkili,
onların mövcud dərsliklərə və
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
abituriyentlərə təklif etdiyi test banklarına uyğunluğunu
ayırd etmək məqsədilə cari tədris
ilində Təhsil Problemləri İnstitutu nəzdində
müvafiq şöbənin və ya bölmənin təşkili müsbət
nəticələrə səbəb olardı. Belə olan
halda şagird ayrı-ayrı fənlər üzrə test tapşırıqlarında
səhvlərlə üzləşmiş olmaz, deyək ki,
mərkəzləşdirilmiş imtahanda riyaziyyatdan
verilən sualların çətinlik dərəcəsi ən
azı 3 və 4-cü qrupların abituriyentləri üçün
təklif olunan məsələ və misalların çətinlik
dərəcəsini aşmaz.
üçüncüsü, yuxarıda qeyd etdiyimiz kimi,
mərkəzləşdirilmiş test imtahanı və ali
məktəblərə qəbul imtahanında təklif
olunan test proqramları və
banklarının eyniləşdirilməsi
məsələsidir. Nə qədər ki, bizdə başqa
ölkələrin təcrübəsində özünü doğruldan
vahid imtahan məsələsi reallaşmayıb, bu işdə
övladlarımızın yaşadığı psixoloji
gərginliyi nəzərdən qaçırmamalıyıq.
Məktəbin bir, məktəblininsə başqa imtahana
hazırlaşdığı tədris situasiyasında
(mərkəzləşdirilmiş imtahanın
mahiyyətini hələ ki şagirdlərə tam çatdıra
bilməmişik) hansı nəticədən danışmağa
dəyər? Daha bir məqam bu imtahanın təşkilinə
cəlb olunmuş insanların işə münasibəti
ilə bağlı üzə çıxır.
Qiymətləndirməni aparan şöbədən tutmuş
test tərtibçilərinə və imtahan nəzarətçilərinə,
məktəb rəhbərlərinə, fənn müəllimlərinə,
valideynlərə, mətbuat nümayəndələrinədək
hər bir kəs bu yeniliyin məsuliyyətini, onun
məzunlarımızın sonrakı həyat yolu üçün
hansı rol oynayacağını yaxşı anlamalıdır.
Başlıqda göstərdiyimiz fikri bir daha təkrar
etmək istərdim: doğrudan da bu imtahanlar bizi qorxutmamalıdır,
atılan bu addım Azərbaycan məktəblisinin,
məktəbinin, valideynlərimizin xeyrinədir. Bunu nə
qədər tez anlasaq, o qədər də çox orta
məktəb məzunumuz orta təhsil haqqında
sənədə - attestata layiq görülər. Telman CƏFƏROV, Bakı Slavyan Universiteti Humanitar Liseyinin direktoru, filologiya elmləri doktoru, professor
|