· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Hindistanda Beynəlxalq konfrans 

British Councilin Azərbaycandakı nümayəndəliyinin dəvəti ilə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov və British Council - Azərbaycanın proqramlar üzrə rəhbəri Gülşən Hüseynova həmin konfransda iştirak etmişlər.

British Council və İngilis dilinin Xarici dil kimi Tədrisi üzrə Beynəlxalq Assosiasiyanın (İATEFL) təşəbbüsü ilə 3-7 yanvar 2008-ci il tarixlərdə Hindistanın Banqalor şəhərində "Aşağı siniflərdə ingilis dilinin tədrisi üzrə beynəlxalq təcrübədən öyrənək" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransın məqsədləri müxtəlif beynəlxalq kontekstlərdə aşağı siniflərdə ingilis dilinin tədrisi üzrə müzakirə və təcrübə mübadiləsi, ibtidai təhsil pilləsi üçün rroqramların tətbiqi və qiymətləndirilməsi, regional və ölkələrarası səviyyədə ibtidai təhsil pilləsi üçün layihələrə dəstək verilməsi, ingilis dilinin tədrisinə dair siyasətin işlənməsi, bu fənni tədris edən müəllimlərin bacarıqlarının artırılması və digər məsələlərlə bağlı olmuşdur.

Tədbir ingilis dili üzrə Regional İnstitutda (RİESİ) təşkil edilmişdi. Bu institutun əsas fəaliyyət sahəsi müasir texnologiyalar, metodikalar və tələblər əsasında ingilis dilinin tədrisi və öyrənilməsi üzrə proqramların işlənməsi və müntəzəm təlimlərin təşkili ilə bağlıdır. Həmin proqramlar üç sahəni: ilkin müəllim hazırlığı, ixtisasartırma və müxtəlif sahələr üzrə xüsusi öyrədici kursları əhatə edir. İxtisasartırma təhsili  qısamüddətli ümumi və tematik, uzunmüddətli və distant təlim kurslarını nəzərdə tutur.         

ABŞ-ın Pensilvaniya Universitetinin professoru Yoko Boto Batler "İbtidai təhsil pilləsində ingilis dilinin tədrisi: qlobal və yerli amillər", Böyük Britaniyanın (Şotlandiya) Störlinq Universitetinin professoru Riçard Conston "İngilis dilinin tədrisinə tez başlama: müvəffəqiyyət əldə etmək üçün əsas şərtlər", Hindistanın Mədrəs və Böyük Britaniyanın Redinq universitetlərinin professoru N.S.Prabhu "Aşağı siniflərdə ingilis dilinin tədrisi: ümidlər və gözlənilən təhlükələr" mövzularında əsas məruzələr etmişlər.  

Konfransda ayrı-ayrı ölkələrdə ibtidai təhsil pilləsində ingilis dilinin tədrisi sahəsində nailiyyətlər, problem və perspektivlər barədə təqdimatlar olmuşdur.

Türkiyənin İstanbul Universitetindən doktor Dilək İnal və çukuroba Universitetinin müəllimi Yasəmin Kırkgöz "İbtidai təhsil pilləsində kurrikulumun tətbiqi məsələləri" mövzusunda təqdimat etmişlər. Təqdimatda məlumat verilmişdir ki, Türkiyədə ingilis dili 1938-ci ildən tədris edilməyə başlanmış, 1997-ci ildən məcburi fənn kimi tədris planına daxil edilmişdir.

Təqdimatda ibtidai təhsil pilləsində ingilis dilinin tədrisi üzrə tədqiqatın nəticələri və gələcək üçün fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir. Tədqiqat göstərmişdir ki, ingilis dili müəllimləri kifayət qədər bacarıqlara malik deyildir, istifadə edilən kurrikulum tədris planında nəzərdə tutulan vaxt ərzində tam mənimsədilmir. Tədqiqatın nəticələrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün tövsiyələr hazırlanmışdır. Əsas diqqət müəllimlər üçün treninqlərin təşkili məsələsinə yönəlmiş, bu sahədə beynəlxalq təşkilatların imkanlarından istifadə edilməyə başlanmış, İNSETT, İNGED layihələri və digər təşkilatlarla birgə layihələr həyata keçirilməyə başlanmışdır.

Macarıstanın Peks Universitetinin professoru Marianna Nikolovun "Macarıstanda ibtidai təhsil pilləsində ingilis dilinin tədrisi: reallıqlar və perspektivlər" mövzusunda təqdimatından məlum olmuşdur ki, Macarıstan məktəblərində ibtidai təhsil 8 illikdir, ingilis dili I sinifdən tədris olunur. Son illərdə ingilis dilinin tədrisində keyfiyyəi dəyişiklikləri baş vermiş, rus dilini öyrənənlərin sayı kəskin şəkildə azalmışdır.

Tailand Təhsil Nazirliyinin İngilis dili İnstitutunun direktoru, doktor Vatanaporn Ra-Nqubtook "İbtidai təhsil pilləsində ingilis dilinin tədrisi: ingilis dili üzrə resurs mərkəzləri şəbəkəsinin inkişafı" mövzusunda təqdimatında qeyd edilmişdir ki, Tailandda ibtidai təhsil 8 illikdir, ingilis dili I siniflərdən məcburi fənn kimi tədris olunur. 1999-cu ildən ölkənin təhsil sistemində islahatlar aparılmağa başlanmış, bu islahatlar ingilis dilinin tədrisini də əhatə etmişdir. Rəqabətədavamlı şəxsiyyətin formalaşdırılması məqsədilə məktəblərdə ingilis dilinin tədrisinin təkmilləşdirilməsi barədə qərar qəbul olunmuş, bu istiqamətdə 2006-cı ildə 5 illik strateji fəaliyyət planı hazırlanmışdır. İngilis dili müəllimlərinin bacarıqlarının və peşəkarlığının artırılması məqsədilə ölkənin orta məktəblərində 180, ibtidai məktəblərində isə 628 resurs mərkəzindən ibarət şəbəkə yaradılmışdır.

Cənubi Koreyanın Seul Universitetindən doktor Nan - Cun Nohkanqın "İngilis dilinin məzmun əsaslı tədrisi (CBNLT): CBNLT və müxtəlif fənlər arasında sistematik inteqrasiyanı əks etdirən dərs planları" mövzusunda təqdimatda göstərilmişdir ki, 1997-ci ildə qəbul edilmiş milli kurrikulumda ingilis dilinin ibtidai təhsil pilləsində tədrisi barədə qərar qəbul edilmişdir. ölkədə ibtidai təhsil pilləsi I-VI sinifləri əhatə edir.

Təqdimatda Cənubi Koreyada ingilis dilinin tədrisi sahəsində tətbiq edilən proqramın kifayət qədər səmərəli olmaması barədə məlumat verilmiş, göstərilmişdir ki, ibtidai siniflərdə şagirdlərin 97 faizi ingilis dilini ən az xoşladıqları fənn kimi qeyd etmişdir. Tədqiqatın nəticələrində şagirdlərin 80 faizinin ingilis dili dərslərində fəal iştirak etməməsi, müəllimi dinləməməsi, tapşırıqları yerinə yetirməməsi, qrup müzakirələrində iştirak etməməsi öz əksini tapmışdır. Bu səbəbdən yeni proqram və dərsliklərin hazırlanması, tədris metodikasının təkmilləşdirilməsi qərara alınmış, əsas diqqət müəllimlər üçün dərs planlarının hazırlanmasına yönəlmişdir. Diqqətçəkən məsələlərdən biri də ibtidai təhsil pilləsinin 6-cı sinfində coğrafiyanın ingilis dilində tədrisi üzrə proqram və dərsliyin hazırlanması olmuşdur.

çinin Pekin Universitetinin professoru, İngilis Dili və Müəllim Hazırlığı  Mərkəzinin direktoru Vanq Qianqın "İbtidai təhsil pilləsində innovativ ingilis dili tədrisi pilot layihəsinin nəticələri" mövzusunda təqdimatda 4 illik pilot layihə çərçivəsində innovativ proqramın nəticələri barədə məlumat verilmişdir. Nəticələri qiymətləndirmək üçün 4 il ərzində dərslər videoyazıya alınmış, sorğular aparılmış, şagirdlər, müəllim və məktəb direktorları ilə müsahibələr keçirilmişdir. Təhlil belə nəticəyə gəlməyə imkan vermişdir ki, ibtidai təhsil pilləsində innovativ ingilis dili proqramının tətbiqi həm linqvistik, həm də qeyri-linqvistik sahələrdə şagirdlərin, müəllimlərin və məktəbin inkişafına müsbət təsir etmişdir.

Cənubi Koreyanın Seul Universitetinin akademik işlər üzrə dekanı, professor Von Key-Li "İbtidai təhsil pilləsində ingilis dilinin tədrisi (PELT)" mövzusunda təqdimat keçirmişdir. Cənubi Koreyada 1990-cı ildə "Gələcəyə yönəlmiş təhsil" istiqamətində islahatlara başlanmış, yeni kurrikulum, o cümlədən ingilis dili fənni üzrə yeni kurrikulum hazırlanmışdır. Bu kurrikulum əsasında yeni dərsliklər, ilk dəfə olaraq elektron dərslik hazırlanmışdır. Təqdimatda ingilis dilinin erkən yaşlardan, yəni məktəbəqədər yaş dövründən və orta təhsilin I sinfindən tədrisinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

British Council təşkilatının Bəhreyn dövləti üzrə meneceri Kristina Pelps, Bəhreyn Təhsil Nazirliyinin Kurrikulum Mərkəzinin direktoru Xədicə Al Hayki, həmin mərkəzin əməkdaşı Sumaya Aşir "İngilis dili müəllimləri üçün yeni proqramın sınaqdan keçirilməsi" mövzusunda təqdimat etmişlər. Bəhreyndə ibtidai təhsil I-VIII sinifləri əhatə edir, 2004-cü ildən ingilis dili I sinifdən tədris edilir.

Qlobal ingilis dili problemləri üzrə tədqiqatçı və beynəlxalq məsləhətçi, doktor Devid Qredal 1997-ci ildə nəşr etdirdiyi "İngilis dilinin gələcəyi" və 2006-cı ildə nəşr etdirdiyi "İngilis dili 100 ildən sonra" kitabları barədə təqdimat etmişdir.

Devid Qredalın apardığı geniş tədqiqatda ibtidai təhsil pilləsində ingilis dilinin tədrisinin sosial-iqtisadi aspektləri araşdırılmış, orta və ali təhsildə aparılan islahatlar prosesində ingilis dilinin gələcəyi ilə bağlı nəzərə alınması vacib olan amillər barədə tövsiyələr irəli sürülmüşdür.

Konfransda Azərbaycanda həyata keçirilən təhsil islahatları, xüsusilə təhsilin məzmununda aparılan islahatlar barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, 2006-cı ildə ümumi orta təhsilin Milli Kurrikulumu təsdiq edilmiş, bu sənəd əsasında fənn kurrikulumları hazırlanmasına başlanmış, 2007-ci ildə ibtidai təhsil pilləsi üçün fənn kurrikulumları təsdiq edilmişdir. 2008-2009-cu tədris  ilindən ölkənin bütün ümumtəhsil məktəblərinin I siniflərindən yeni kurrikulumun tətbiqi nəzərdə tutulmuşdur. Yeni kurrikulumda ingilis dili I siniflərdən tədris ediləcəkdir. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Konfransda aparılmış müzakirələrin nəticələrinə və beynəlxalq təcrübəyə istinad edərək ölkəmizin ümumtəhsil məktəblərində ingilis dilinin tədrisi ilə əlaqədar bir sıra məsələlərin həllini məqsədəmüvafiq hesab edirik:

* İbtidai siniflərdə ingilis dilinin tədrisi və bu fənn üzrə yeni kurrikuluma əsasən dərslik komplektlərinin hazırlanması sahəsində beynəlxalq təcrübə öyrənilməli, bu sahədə British Councillə əməkdaşlıq imkanlarından daha səmərəli istifadə edilməlidir.

* İngilis dili müəllimlərinin bacarıqlarının səviyyəsinin qiymətləndirilməsi və sonrakı inkişafı üçün proqramların hazırlanması məqsədilə Kembric Universiteti tərəfindən hazırlanmış qiymətləndirmə modelinin tətbiqi imkanları araşdırılmalıdır.

* İngilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilməli, müəllimyönümlü yanaşmadan imtina edilməli, şagirdyönümlü yanaşma tətbiq edilməlidir.

* Müəllimlərin ixtisasının artırılması üzrə resurs mərkəzləri kimi yaradılmış "dayaq məntəqələri"nin fəaliyyətinin təşkili üzrə tədbirlər həyata keçirilməli, müvafiq mərkəzlərdə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi işinə başlanmalıdır.

* British Council və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ingilis dili müəllimlərinin bacarıqlarının artırılması məqsədilə xüsusi təlim proqramları hazırlanmalı və tətbiq edilməlidir.

* İngilis dili müəllimlərinin ixtisasartırması ilə məşğul olan "öyrədənlər"in səriştəsinin artırılması məqsədilə tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməlidir. 

Fərzəli QƏDİROV,

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və 

kadrların idarə olunması şöbəsinin müdiri, 

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Gülşən HüSEYNOVA,

British Council-Azərbaycanın

proqramlar üzrə rəhbəri