Soyqırımı dəhşətləri Xocalıdan olan müəllimlərin təqdimatında


Azərbaycan xalqı öz tarixinin ən ağır faciələrindən olan Xocalı soyqırımının ildönümünü dərin ürək ağrısı ilə yad edir. Fevralın 24-də Təhsil Nazirliyində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrə 28 il əvvəl baş vermiş və xalqımızın qan yaddaşına həmişəlik həkk olunmuş soyqırımı barədə ətraflı məlumatlar çatdırıldı. Əslən Xocalıdan olan, Corc Vaşinqton Universitetinin magistri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova və ABŞ-ın Sirakuz Universitetinin fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun təqdim etdikləri yaddaş hekayəsi mərasimdə iştirak edənlərin hafizəsində uzun müddət yer tapacaq.  28 il öncə yaşanmış faciə barədə məlumatlar, nümayiş olunan sənədlər ölkəmizdə təhsil alan əcnəbi tələbələrin marağına səbəb oldu.  “Biz   öz həyat hekayələrimizdən danışacağıq. Xocalı Azərbaycanın əzəli torpağıdır. Uşaqlıq dövrümüz orada keçib, müharibənin dəhşətlərini, erməni vəhşiliyini orada görmüşük. İnsanlar yurd-yuvalarından didərgin olmuşdu, yalnız xilas olmaq barədə düşünürdü”, - deyən müəllimlərimizin Xocalıda uşaqlıq illərində yaşadıqları dəhşətlərə dair həyat hekayələri əcnəbi tələbələri sarsıtdı. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr öz təəssüratlarını “Azərbaycan müəllimi” qəzetinə belə bölüşdülər.

 

Əcnəbi tələbələr soyqırımı barədə

 

“Daha çox günahsız insanın xüsusi amansızlıqla öldürülməsi çox kədərlidir”

 

Nargizə Jakbarova (Özbəkistan), Azərbayan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasının  IV  kurs tələbəsi:

 

- Təhsil aldığım universitetdə bizə Xocalı soyqırımı barədə bir çox məlumatlar verilmişdir. 1992-ci il fevralın 25-də baş vermiş və 613 nəfərin qətlə yetirildiyi bu faciənin qurbanlarını dərin hüznlə anır və ümid edirik ki,  Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq. Xocalı hadisələrində daha çox günahsız insanın xüsusi amansızlıqla öldürülməsi çox kədərlidir. Bu cür tədbirlər xüsusən tələbələr üçün çox əhəmiyyətlidir. Məsələn, dünyagörüşümüzü daha çox inkişaf etdirir və soyqırımı haqqında daha çox məlumatlar əldə edirik.

 

 

 

“Dinc sakinlərə qarşı törədilmiş hadisələrə görə çox üzgünəm”

 

 

 

Şəhla Əl-Hüseyn (İraq),  Azərbaycan Memarlıq və İnşaat Universitetinin II kurs tələbəsi:

 

 

- Mən iraqlıyam. Biz bu gün burada Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak edirik.  Bu gün burada ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, yüzlərlə günahsız insanı qətlə yetirməsinə dair məlumatlarla tanış olduq. Bu, çox ağır hadisədir, dinc sakinlərə qarşı törədilmiş hadisələrə görə çox üzgünəm. Vətənimdə  eyni hissləri keçirmişəm. Çox istərdim ki, müharibələr bitsin, insanlar dinc, normal həyat yaşasınlar. Düşünürəm ki, bugünkü  tədbir Azərbaycanda təhsil alan əcnəbi tələbələrə ölkənin tarixi haqqında ətraflı məlumat vermək baxımından çox vacibdir.  

 

 

“Günahsız insanlar erməni vəhşiliyinin qurbanı olublar”

 

Nakibulla Əzizi (Əfqanıstan), Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” ixtisasının I kurs tələbəsi:

 

- Burada magistratura təhsili alıram. Xocalı Azərbaycanın tarixinə ən ağır, qanlı faciə kimi düşüb.  Faciədə günahsız insanlar erməni vəhşiliyinin qurbanı olublar.  İnsanlar öz evlərindən, doğmalarından, yurd-yuvalarından didərgin düşüblər.  Qanlı olayda 613 nəfərin həlak olmasına dair məlumatlarım var idi. Mən onu da deməliyəm ki, Əfqanıstan Azərbaycanın haqq işini daim müdafiə edib. Bugünkü anım mərasimində 2 universitet müəllimi  Xocalı faciəsi ilə bağlı öz yaşantılarını  çox gözəl ifadə etdilər.  Onlar çox çalışıblar, xaricdə universitet  bitiriblər,  bu gün də  öz vətənlərinə xidmət edirlər. Onlar biz gənclər üçün bir örnəkdir.  Çünki biz öz vətənimiz üçün çalışmalı və xidmət etməliyik.

 

 

“Burada eşitdiklərimin təsiri altındayam”

 

Aygirin (Özbəkistan), ADA Universitetinin tələbəsi:

 

 

- Mən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə eşitmişdim. Ancaq bu gün ilk dəfə 28 il bundan əvvəl baş vermiş qanlı faciə barədə geniş  məlumat aldım. Burada eşitdiklərimin təsiri altındayam. Bu hadisə məni çox sarsıtdı.  Xocalıda həyatlarını itirmiş insanlara görə çox üzülürəm.  Xocalı faciəsinin şahidləri olan insanların yaşantıları ilə tanış deyildim. Burada Xocalı hadisələrini yaşamış müəllimlərin  çıxışları  məndə  dərin təəssürat oyatdı. Məni heyrətləndirən odur ki, bu cür insanlar yaşadıqları faciələrə, çətinliklərə  baxmayaraq həyatda bu cür uğurlar qazana biliblər, onlar sınmayıblar,  həyatlarını  davam etdiriblər.  Bu cür ağır həyat sınaqlarından keçməmiş insanlar belə,  təhsil sahəsində bu uğurlara nail ola bilməyiblər.  Mən onların fədakarlığına valeh oldum.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi əcnəbi tələbələrin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasıdır. Tədbirdə 100-dən çox əcnəbi tələbə iştirak edib.

 

Oruc MUSTAFAYEV