“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında güllə atıcılığı üzrə birincilik keçirilib.

 

Birinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı haqqında məktəbli idmançıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, dostluq və idman əlaqələrini möhkəmləndirmək, güllə atıcılığı idman növünün məktəblilər arasında təbliğindən ibarət olub.

 

Tədbirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, Xocalıda törədilən qırğının acı nəticələri barədə danışılıb, daha sonra birinciliyin yarışları keçirilib. Yarışlarda Bakı şəhəri Xətai rayonunda fəaliyyət göstərən 34 ümumi təhsil müəssisəsindən 100-ə yaxın məktəbli mübarizə aparıb. 2006-2007-ci təvəllüdlü şagirdlərin iştirakı ilə keçirilən birincilikdə komanda hesabında I yerə 265, II yerə 63, III yerə 17 nömrəli tam orta məktəblərin komandaları, şəxsi göstəricilərinə görə I yerə 265 nömrəli tam orta məktəbin şagirdi Nərmin Abdullazadə, II yerə 260 nömrəli tam orta məktəbin şagirdi Əkbər Tağıyev, III yerə Heydər Əliyev adına liseyin şagirdi Kamran Məmmədzadə layiq görülüb.

 

Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər. 

 

Qeyd edək ki, Təhsil Nazirliyi sistemində güllə atıcılığı idman növü üzrə bölmənin faəliyyəti cari tədris ilindən “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbində təşkil edilib. Sözügedən yarış güllə atıcılığı idman növü üzrə məktəblilər arasında keçirilən ilk yarışdır.