AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, dosent Varis Quliyevin üzüm meyvəsi ilə bağlı elmi əsəri ABŞ-da nəşr olunan Cytology və Histology (“Sitogenetika və Histologiya”) jurnalının ötən ilki saylarında işıq üzü görüb və tədqiqat işinin nəticələri yüksək qiymətləndirilib. Bu günlərdə alim beynəlxalq indeksli sözüdedən jurnalın redaksiya heyətinə üzv də seçilib.

 

V. Quliyev 30 ildən artıqdır ki, Azərbaycanda, o cümlədən Naxçıvanda üzüm genofondunu kompleks şəkildə tədqiq edir. Sort müxtəlifliyinin artırılması, genofondun tədqiqi, yeni sortların yaradılması, becərilən sortların qiymətləndirilməsi, iqtisadi əhəmiyyət kəsb edən sortların müəyyənləşdirilməsi, məhv olmaq təhlükəsi yaşayan nadir sortların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi, eyni zamanda sortların genetik xüsusiyyətlərinin, xəstəliklərə davamlılığının müəyyənləşdirilməsi və bu istiqamətdə müxtəlif genetik üsullar əsasında məqsədyönlü seleksiya işlərinin aparılması alimin elmi-tədqiqat işinin əsas məqsədini təşkil edir.

 

V.Quliyev “Azərbaycan ampeloqrafiyası” (II cild), ”Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı fundamental monoqrafiyaların və digər kitabların müəllifidir.