Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Respublika İncəsənət Gimnaziyasında “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbir keçirilib.

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə “Nargis” Nəşriyyat Evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyinin əməkdaşı, məktəblərin pedaqoji kollektivi, şagirdlər və təşkilatçı qurumların nümayəndələri iştirak edib.

 

“Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işlərinin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü layihələrə məktəblilərin cəlb olunmasının əhəmiyyətindən danışıb.

 

Layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” mövzusunda təqdimatla çıxış edib, uşaqların suallarını cavablandırıb.Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri qısa musiqi parçaları ilə çıxış edib.

 

Sonda şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə və əl işlərinə baxış keçirilib.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.