İl ərzində 200-ə yaxın tədbir keçirilib


Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universiteinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) VIII hesabat konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri iştirak ediblər.

 

Konfransda TGT-nin sədri  Taleh Budaqov təşkilatın 2017-2018-ci illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, TGT-nin 4 mindən çox üzvü var. Təşkilat il ərzində 200 yaxın tədbir keçirib.  T.Budaqov  hesabat məruzəsində TGT-nin gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr, ictimai-mədəni tədbirlər, humanitar aksiyalar, qazandığı uğurlar barədə ətraflı məlumat verib. Məruzəçinin çıxışında tələbə-gənclərin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, vətənpərvər, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər konkret faktlar və rəqəmlər əsasında öz əksini tapıb. T.Budaqov təşkilata göstərdiyi diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

 

Rektor Cəfər Cəfərov bildirib ki, son illər ölkə rəhbərliyi cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, pedaqoji kadr hazırlığının gücləndirilməsi üçün mühüm tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu yeni vəzifələri uğurla həyata keçirmək üçün ölkəmizin intellektual potensialı gücləndirilməlidir. Müasir dövrdə keyfiyyətli təhsil almaq olduqca vacibdir. Tələbələr  bilik və bacarıqlara dərindən yiyələnməli, əsl vətəndaş kimi formalaşmalıdırlar. TGT qarşımıza qoyduğumuz böyük hədəflərə çatmaq üçün bizimlə birgə əzmlə çalışmalıdır.

 

Konfransda çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, ATGTİ-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoru Cavid Hüseynov TGT-nin fəaliyyətini yüksək qiymətləndiriblər və təşkilata uğurlar arzulayıblar.

 

 Konfransda təhsildə fərqlənən və universitetin ictimai-mədəni həyatında fəal iştirak edən tələbələr,  həmçinin TGT-nin fəaliyyətinə dəstək verən fakültə dekanları mükafatlandırılıblar.

 

Konfransda TGT-nin sədri, sədr müavinləri, departament və klub rəhbərləri seçilib. Taleh Budaqov yenidən TGT-nin sədri seçilib.