Naxçıvan Dövlət Universitetində magistrantların elmi- tədqiqat təcrübələrinin başlanğıcı mövzusunda konfrans keçirilib.

 

Universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev bildirib ki, magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində təcrübənin əhəmiyyəti böyükdür.  

 

Magistratura səviyyəsində istehsalat təcrübəsinin elmi-pedaqoji  və elmi-tədqiqat təcrübəsi adlı iki növü qeyd edilib. Mövcud tədris planına uyğun olaraq magistratura təhsil səviyyəsində təhsil alan II kurs magistrantlar tədris ilinin yaz semestrində 4 həftəlik elmi- tədqiqat təcrübəsi keçirlər. Vurğulanıb ki, elmi-biblioqrafik axtarışın təşkilində istifadə olunan üsullar və formalarla tanışlıq, aktual elmi problemlərin müəyyən edilməsi və onların tədqiq edilməsində təcrübə toplanması, elmi-tədqiqat proqramlarının işlənməsi və yerinə yetirilməsinin təşkili, tədqiqat nəticələrinin analiz edilməsi, təşkilatlarda layihələrin qruplar tərəfindən yerinə yetirilməsində idarəetmə mexanizmlərinin mənimsənilməsi, magistrlik dissertasiyasının yerinə yetirilməsi üçün lazım olan materialların toplanması elmi-tədqiqat təcrübəsinin əsas vəzifələridir. Qeyd edilib ki,  magistrantlar mənbələrdəki materialları sistemləşdirməyi öyrənməli, müxtəlif üsullarla işləmək bacarığına yiyələnməli, dissertasiya işləri üzərində də çalışmalıdırlar.

 

Magistratura mərkəzinin direktoru Etibar Məmmədov bildirib ki,  hər bir magistrant  kitabxanalardan maksimum istifadə etməyi, dissertasiya mövzularına uyğun ədəbiyyatlardan yararlanmağı bacarmalıdır. Eyni zamanda hər bir tələbənin öz gündəliyi olmalı və onlar təcrübə qurtardıqdan sonra 2 həftə ərzində hesabat təqdim etməlidirlər.

 

Diqqətə çatdırılıb ki, təcrübənin sonunda onların gördüyü işlər müvafiq ballarla qiymətləndiriləcək və imtahan nəticələrində qeyd ediləcək.