Böyük Britaniyanın 3 məktəbində eksperiment aparılır


Böyük Britaniyanın 3 məktəbində müəllimlər tərəfindən şagirdlərin video müşahidəsini aparmağa imkan verən videoqeydiyyatçılardan istifadə üzrə eksperiment başlayıb.  Bu tədbir münaqişələrin qarşısını almaq, müəllimlərin şagirdlərin valideynləri tərəfindən günahlandırıldıqları xüsusi halları təhlil etmək və təhlükəsiz öyrənmə mühiti yaratmaq üçün məlumat toplamaq məqsədi daşıyır.

 

Eksperiment iştirakçılarının hər biri — pedaqoqlar və  məktəb direktoru  şagirdlərə çəkilişin mümkün olduğunu xəbərdar edən "Videokamera" yazısı  olan gödəkçə geyinirlər. Məktəblərdən birinin direktor müavini Larri Devis hesab edir ki, videoqeydiyyatçıların  mövcudluğu qarşıdurmanı azaltmağa kömək edib. Çünki şagirdlər başa düşürlər ki,  uyğun olmayan davranışlarını  dayandırmasalar, onların hərəkətləri qeydə alınacaq. 

 

Böyük Britaniyada videoqeydiyyatçılardan istifadənin əhatəsi genişlənir, məsələn, polis bölmələri,  xəstəxanalar və həbsxanalarda bu, artıq adi haldır. Amma  bu cür təcrübənin təhsil üçün müsbət səmərə verməsi fikri  ilə heç də  hamı razılaşmır.  Məktəb direktorlarından biri qeyd edib ki,  şagirdlər  müəllimləri  videomüşahidə kameraları kimi görməməlidir:  "Videoqeydiyyatın  təhsilalanların davranış problemlərinin səbəblərini aradan qaldırmağa kömək etməsinə dair heç bir sübut yoxdur, əksinə, bu halda repressiv mühit yaradılır".
  

Ölkənin Təhsil Nazirliyi  isə bəyan edib ki, məktəblər özləri  məlumatların qorunması və məxfilik məsələlərinə dair qanunlara riayət etmək şərti ilə şagirdlərin  davranışlarını və təhlükəsizlik risklərini  daha yaxşı idarə etmək gücündədir.
 

Oruc MUSTAFAYEV