Şagirdlərin pis davranışları izlənilir | |
Böyük Britaniyanın 3 məktəbində müəllimlər tərəfindən şagirdlərin video müşahidəsini aparmağa imkan verən videoqeydiyyatçılardan istifadə üzrə eksperiment başlayıb. Bu tədbir münaqişələrin qarşısını almaq, müəllimlərin şagirdlərin valideynləri tərəfindən günahlandırıldıqları xüsusi halları təhlil etmək və təhlükəsiz öyrənmə mühiti yaratmaq üçün məlumat toplamaq məqsədi daşıyır.
Eksperiment iştirakçılarının hər biri — pedaqoqlar və məktəb direktoru şagirdlərə çəkilişin mümkün olduğunu xəbərdar edən "Videokamera" yazısı olan gödəkçə geyinirlər. Məktəblərdən birinin direktor müavini Larri Devis hesab edir ki, videoqeydiyyatçıların mövcudluğu qarşıdurmanı azaltmağa kömək edib. Çünki şagirdlər başa düşürlər ki, uyğun olmayan davranışlarını dayandırmasalar, onların hərəkətləri qeydə alınacaq.
Böyük Britaniyada videoqeydiyyatçılardan istifadənin əhatəsi genişlənir, məsələn, polis bölmələri, xəstəxanalar və həbsxanalarda bu, artıq adi haldır. Amma bu cür təcrübənin təhsil üçün müsbət səmərə verməsi fikri ilə heç də hamı razılaşmır. Məktəb direktorlarından biri qeyd edib ki, şagirdlər müəllimləri videomüşahidə kameraları kimi görməməlidir: "Videoqeydiyyatın təhsilalanların davranış problemlərinin səbəblərini aradan qaldırmağa kömək etməsinə dair heç bir sübut yoxdur, əksinə, bu halda repressiv mühit yaradılır".
Ölkənin Təhsil Nazirliyi isə bəyan edib ki, məktəblər özləri məlumatların qorunması və məxfilik məsələlərinə dair qanunlara riayət etmək şərti ilə şagirdlərin davranışlarını və təhlükəsizlik risklərini daha yaxşı idarə etmək gücündədir. Oruc MUSTAFAYEV |
|
19.02.2020 | 11:17 | |
|
|
|