Latviyada stolüstü tennis üzrə Riqa gənclər kuboku uğrunda beynəlxalq turnir keçirilib. Avropanın 17 ölkəsindən 350 idmançının qatıldığı yarışda Azərbaycanı üç yaş kateqoriyasında altı idmançı təmsil edib. Yarışda uğurla çıxış edən yeniyetmə idmançılar 2 qızıl və 2 bürünc medala layiq görülüb. Turnirdə 2008-ci il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində Adil Əhmədzadə I yeri tutub.
Ölkəmizi iki yaş qrupunda qızların yarışında təmsil edən Mərziyyə Nürmətova isə 2008-ci il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində qızıl medal, 2005-2007-ci il təvəllüdlülərin yarışında isə bürünc medalla mükafatlandırılıb. Hüseyn Eylazov isə 2005-2007-ci il təvəllüdlülərin yarışında bürünc medala sahib olub.
Sifai SƏFƏROVA