Mingəçevir Dövlət Universitetinin (MDU) iki tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetində (BDU) təhsil almağa başlayıb.
Tələbə mübadiləsi iki universitet arasında 2019-cu ildə imzalanan əməkdaşlıq protokolu əsasında mümkün olub. Mübadilədə iştirak üçün tələbə seçimində yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər meyarlar əsas götürülüb.
MDU-nun rektoru Şahin Bayramov mübadilə üçün seçilən universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III kurs tələbələri Səbinə Rzayeva, Aytac Ədilova və onların valideynləri ilə görüşüb. Aparıcı ali təhsil ocaqlarından biri olan 100 yaşlı BDU-da təhsil alacaq tələbələri təbrik edən Ş.Bayramov onların mübadilə müddətində MDU-nu layiqincə təmsil edəcəyinə əminliyini bildirib.
BDU-da təhsil almaq imkanının yaradılmasına görə təşəkkür edən tələbələr və onların valideynləri göstərilən etimadı doğrultmağa və yüksək akademik nailiyyətlər qazanmağa çalışacaqlarını söyləyiblər.
Qeyd edilib ki, MDU tədrisin keyfiyyətinin yüksəldilməsi və Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini hədəfləyən fəaliyyətində digər tərəfdaşlarla yanaşı, BDU ilə əməkdaşlığa, bir əsrlik tarixi olan bu ali təhsil müəssisəsinin təcrübəsindən faydalanmağa xüsusi önəm verir.
Bu baxımdan, 2019-cu ildə BDU-nun MDU-da keçirilən yubiley tədbiri çərçivəsində imzalanan əməkdaşlıq haqqında protokol iki universitet arasında tələbə mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və digər sahələrdə əməkdaşlığın yaradılmasını nəzərdə tutur.