Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Gələcəyin fizikləri“ layihəsi Şirvan rayonunun təhsili üçün yeni uğurlara imza atıb.
Belə ki, illər sonra fizika fənni üzrə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə 10 nəfər şagird iştirak hüququ qazanıb. Bu şagirdlərdən 7 – si “Gələcəyin fizikləri” layihəsində iştirak edir.
Qeyd edək ki, layihə rəhbəri Şirvan rayon təhsil meneceri, 3 saylı tam orta məktəbin fizika müəllimi Vasif Zeynalovdur.
Layihənin təlimçi və ekspert heyəti Şirvan rayonunda təhsil alan 9 – cu sinif şagirdlərindən 25 şagird seçərək onları fənn olimpiadalarına hazırlayıb. Şagirdlər təkcə nəzəri deyil, həm də praktiki biliklərinin artırılması məqsədi ilə Şamaxı Astrofizika rəsədxanası və Bakı Hədəf liseyinin İnteraktiv Elm Muzeyində də olub.
Hazırda layihə rəhbəri tərəfindən yarımfinalda iştirak hüququ qazanan şagirdlərlə olimpiada dərsləri davam edir. Şagirdlər finala vəsiqə qazanmaq üçün 23 fevralda növbəti imtahanlarını verəcəklər.