Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib.

 

Bakı şəhəri üzrə 229 nömrəli tam orta məktəbdə təşkil olunan sərgidə BŞTİ-nin müdir müavinləri Rəşad Tağıyev və Nərgiz Səfərova, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil  müəssisələrinin rəhbərləri, şagirdlər, valideynlər, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri  iştirak ediblər.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev qonaqları salamlayıb, bu kimi tədbirlərin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rolu olduğunu bildirib.  Ümummilli liderə həsr olunan sərgini yüksək dəyərləndirən müdir müavini məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırıb.

 

R.Tağıyev onu da qeyd edib ki, xalqın inamını özünə qaytaran müasir Azərbaycan dövlətinin memarı və qurucusu  Heydər Əliyev tərəfindən uşaqların, gənclərin yüksək təhsil almaları, geniş dünyagörüşə malik olmaları və ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb.

 

Rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova məktəbliləri yüksək yaradıcılıq qabiliyyətlərinə görə təbrik edib. G.İsrafilova milli və ümumbəşəri dəyərləri dərindən bilən türk dünyasının böyük oğlu Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərdiyini nəzərə çatdırıb.

 

Daha sonra qonaqlar müxtəlif bölmələr üzrə sərgilənən əl işləri ilə tanış olublar.

 

Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər  inkişaf mərkəzlərinin istedadlı şagirdləri 600 təsviri incəsənət, dekorativ  tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri, ulu öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər.

 

Qeyd edək ki, tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif  sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda  Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.