SABAH Karyera Akademiyası çərçivəsində Şamaxıda SABAH IV Karyera Qış Məktəbinin təlimləri başa çatıb.
SABAH qruplarının dördüncü kursunda təhsil alan 76 tələbənin iştirakı ilə keçirilən Qış Məktəbi çərçivəsində keçirilən təlimlər işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edib.
Təlimlərdə “Karyerada dəyişikliklərin idarə olunması”, “Startap qurum, yoxsa iş axtarım?”, “Alimliyə gedən yol”, “Layihələrin idarə olunması”, "Öz brendini yarat", "Effektiv təqdimat bacarıqları" , “Biznesin qurulması üçün alternativ maliyyə mənbələri" mövzusunda təlimlər keçirilib.
Qış Məktəbində əlavə olaraq, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran “Emosional intellekt”, “Əmək qanunvericiliyi” mövzularında seminarlar da keçirilib.
Karyera Qış Məktəbi çərçivəsində həmçinin ali təhsil müəssisələrində SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi”, “Yeni tədris proqramlarının hazırlanması” və "Tvininq layihəsi" mövzuları ətrafında seminarlar təşkil olunub.
Sonda təlimçilərə təşəkkürnamə, iştirakçılara isə sertfikatlar verilib.
Bu il də bir sıra tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “Rabitəbank”, “GoldenPay” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstəriblər.
SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.