Aliya Ospanova: “Biz istəyirik ki, alimlər elmi işlərini çapa təqdim edərkən aldadılmasınlar”
Dünya akademik dairələrində bu gün müzakirə olunan ən mühüm və aktual məsələlərdən biri alimlərin keyfiyyətli nəşrlərdə çap olunmasıdır. Qloballaşan dünyanın doğurduğu çağırışların günümüzə daşıdığı ziddiyyətlərindən biri də elm sahəsində “yırtıcı” elmi nəşrlərin baş alıb getməsidir. Məlumdur ki, elmi jurnallar bir neçə növ olur - reytinqli (onlarda sitatgətirmə indeksi var), feyk və “yırtıcılar”. Feyk jurnallar guya dünyanın ən böyük elmi bazası olan “Scopus”da indeksləşdiklərini iddia edənlərdir. Alimlər bu jurnallarda əsasən ona görə dərc edilirlər ki, onların saytı bazanın loqotipini özündə saxlayır. Alimlər özləri bu faktın dəqiqliyini yoxlamırlar. Üçüncü növ jurnallar isə “yırtıcı” jurnallardır, onlar xüsusi zibil səbətini təşkil edirlər. Dünya üzrə alimləri, tədqiqatçıları ən çox ələ keçirməyə çalışan da sonunculardır. “Elsevier” beynəlxalq elmi bazasının Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Aliya Ospanova “Azərbaycan müəllimi”nə verdiyi müsahibəsində “yırtıcı” nəşrlərlə bağlı fikirlərini bölüşdü.
- Siz beynəlxalq jurnallarda çap olunmaq üçün hansı əsas tələbləri xüsusi qeyd edə bilərdiniz?
- XVII-XVIII əsrlərdə elmin sürətli inkişafı ilə əlaqədar olaraq beynəlxalq elmi jurnallarda nəşrlərin də populyarlığı artmağa başladı. Yeni ixtiraları kəşf etməklə alimlər yeniliklərdən danışmaq, həmçinin onların sahəsində yeni kəşflər haqqında daha çox məlumat əldə etmək istəyirdilər. İllərlə belə jurnalların sayı kəskin surətdə artdı, bu isə elmi nəşrlər üçün keyfiyyət meyarlarını müəyyən edən reytinq bazasının yaradılması ehtiyacını doğurdu.
Bəli, qeyd etdiyiniz kimi, elmi nəşrlər üçün müəyyən tələblər mövcuddur. Onlardan ən mühümü bu nəşrlərin elmi əhəmiyyətliliyi və aktuallığıdır. Bundan başqa, məqalələrin beynəlxalq standartlara əsasən rəsmiləşdirilməsi, elmi ədəbiyyatlar siyahısının düzgün tərtib edilməsidir.
- Hər hansı jurnalın “Scopus”da indeksə olunmasını və onun impakt-faktorunun olub-olmadığını necə yoxlamaq olar? Elmi məqalənin çapı üçün nəşri necə seçmək və qiymətləndirmək mümkündür?
- “Scopus” dünyada abstrakt (elmi məqalələrin qısa xülasəsi) və sitatların elmi cəhətdən ən böyük analitik platforması olaraq, alimlərə analiz aparmaq üçün mümkün qədər daha çox informasiya verməyi əhəmiyyətli hesab edir. Bu, alimlərin informasiya axtardıqları əsas resursdur. Bu baza alimlərə dünyada nələr baş verdiyini, alimlərin nə yazdığını, hansı jurnalların reytinqli, hansıların reytinqli olmadığı barədə bilgilər verir. Alimlərin, həmçinin ölkələrin, universitet və təşkilatların elmi nüfuzunu ölçməyə imkan verən platformanı yaratmaq üçün “Scopus” təsis edilib.
“Elsevier”-in rəsmi saytında siz hər zaman “Scopus”da indeksləşdirilən bütün jurnalların, kitabların və konfrans materiallarının siyahısını əldə edə bilərsiniz. Onlar Excel formatında www.elsevier.com/solutions/seopus/content ünvanında əlçatandır. Fayl həmçinin jurnalların “CiteScore” adlandırılan reytinqlərini də təqdim edir. Yəni birincisi, jurnalın “Scopus”da indeksləşdiyini, ikincisi, bəhs olunan jurnalın reytinqini müəyyən etməyə imkan verir.
- Son illər biz “yırtıcı” nəşrlərlə tez-tez rastlaşırıq. Bu cür nəşrlərin əsas əlamətləri barədə nə deyə bilərsiniz? “Yırtıcı” jurnalların qurbanı olmamaq üçün alimlər nə etməlidir?
- Elmi nəşrlərin həcminin artması ilə keyfiyyətsiz fəaliyyət göstərən bir çox nəşriyyat da üzə çıxıb. Bu nəşriyyatların əsas auditoriyası “Scopus”dan necə istifadə etməyi bilməyənlərdir. Onlar hər hansı jurnalın indeksli olub-olmadığını müəyyən edə bilmirlər. Bir qayda olaraq, “Scopus”da indeksləşdirilməyən müxtəlif növ jurnallar alimlərə elektron məktublar göndərərək onların məqalələrinin ən qısa vaxt ərzində reytinqli jurnallarda çap olunması üçün təkliflər verirlər. “Yırtıcı” nəşrlərə düşməmək üçün nə etmək lazımdır? Birincisi, məqaləni dərc etməzdən əvvəl jurnalı yoxlamaq lazımdır. İkincisi, elm nəşrin impakt-faktor göstəricisinə diqqət yetirmək lazımdır, bu göstərici 1-dən yuxarı olmalıdır. Üçüncüsü, nəşrdə dərc edilmiş materialların sayını təhlil etmək lazımdır, çünki onların kəskin artımı jurnalın keyfiyyətsiz fəaliyyətinin göstəricisi ola bilər. Dördüncüsü, alimlər nəşrlər və onlardan sitat gətirmələrin sayının hesablanmasına əsaslanan Hirş indeksi üzərində işləməlidirlər. Bundan əlavə, “Scopus”un məlumatlarına əsaslanan jurnallarda məqalələrin pulsuz nəşrinə diqqət yetirməyə dəyər. Çoxları hətta öz saytlarında “Scopus” və “Web of Science”in saxta loqotiplərindən də istifadə edirlər. Buna görə də məqalənizi çap olunmaq üçün jurnala təqdim edərkən onun indeksə olunmasına əmin olun, eləcə də “Cite Score” də reytinqinin necə olmasını yoxlamağı unutmayın.
- “Yırtıcılar” çox sayda tədqiqatçını öz şəbəkələrinə salmaqda davam edirlər. Bu, hər gün baş verir. Bu cür jurnalların universal təsnifatı varmı?
- Bəli, təəssüf ki, siz haqlısınız. Düşünürəm ki, müəyyən əlamətlər var ki, alimləri fikirləşməyə məcbur etməlidir. Əlamətlərdən biri, jurnaldan poçtunuza sizin məqalənizin qısa vaxt ərzində çap olunması üçün zəmanət verilməsinə dair müntəzəm göndərilən xəbərlərdir. Bundan başqa, digər bir əlamət mövzunuz jurnalın tematikasına uyğun olmasa da, çapa qəbul edilməsidir.
- Bu cür jurnalların coğrafiyası necə dəyişir? MDB ölkələrində belə jurnallar varmı?
- Xoşbəxtlikdən müəyyən coğrafiya yoxdur. Belə jurnal hər yerdə ola bilər.
- Bu jurnalların təhlükəliliyi nədədir? İldə nə qədər məqalə belə jurnallarda dərc edilir?
- Biz elmi nəşrlər dünyasının analizinə çox ciddi yanaşırıq. Amma biz yalnız reytinq məzmununu təhlil edirik. Öz tərəfimizdən, alimləri xəbərdar etmək, onları qorumaq üçün reytinqli jurnalların əlçatan siyahısını təqdim edirik. Bu isə bir çox alimlərə keyfiyyətsiz nəşrlərdən qaçmağa kömək edir.
- Məsələni bir qədər sadə qoyaq. Fərz edək ki, mən məqaləmi xarici nəşrlərdə çap etdirmək istəyirəm. “Yırtıcılara” yem olmamaq üçün hansı addımları atmalıyam?
- “Elsevier” alimləri dəstəkləməyi və onlara kömək etməyi çox vacib hesab edir. Bu məqsədlə biz pulsuz öyrədici “Elsevier Researcher Academy” resursunu hazırladıq. Bu baza özündə böyük həcmdə təlimləri, videodərsləri, vebinarları cəmləşdirib. Siz bu bazadan istifadə etməklə elmi məqalənizi necə düzgün tərtib etməyi, “yırtıcı” jurnala düşməmək üçün nə etməli olduğunuzu, məqalənizin redaktəsi üçün hansı alətlərdən istifadə etmənin mümkünlüyünü və s. öyrənə bilərsiniz. Siz “Scopus”a daxil olaraq hər hansı jurnalın yaxşı və ya pis olmasını görə bilərsiniz. Bundan əlavə, “Scopus”dan istifadə etməklə siz ən çox istinad olunan məqalələri də tapa bilərsiniz. “Elsevier”-in dünyanın ən böyük elmi informasiya resursu olan “ScienceDirect”dən istifadə edə bilərsiniz, bu baza keyfiyyətli elmi-texniki və tibbi informasiyanı tapmağa, qiymətləndirməyə imkan verən ən effektiv və tam elektron interaktiv sistemdir.
- Məlumdur ki, şübhəli jurnallarda nəşrlər həm bir alim kimi tədqiqatçının, həm də bütövlükdə universitetin nüfuzunu aşağı salır. “Elsevier” “yırtıcı” nəşrlərə qarşı siyasətini necə qurur?
- Biz “yırtıcı” jurnallarla mübarizə apara bilmirik, çünki bizdə heç bir qarşılıqlı münasibət yoxdur. Amma biz düzgün elmi jurnalın təyini üçün bütün mümkün üsullarla alimlərə kömək edir, onları öyrədir və məsləhətlərimizi veririk. Biz istəyirik ki, alimlər öz elmi işlərini çapa təqdim edərkən aldadılmasınlar.
“Elsevier” indeksi olan jurnalların keyfiyyətinə ciddi nəzarət edir, onların siyahısı müntəzəm yenilənir. Keyfiyyətsiz jurnalların indeksləri isə ləğv olunur.
Ali məktəblər üçün, məsələn, xüsusilə də beynəlxalq reytinqlərdə iştirak edən universitetlərə “Scopus”da universitetin profilini izləmək çox əhəmiyyətlidir, çünki QS (QS World University Rankings) və THE (The Times Higher Education) kimi aparıcı reytinq agentlikləri ali məktəblərdə elmi fəaliyyətin məhsuldarlığının qiymətləndirilməsi üçün “Scopus” məlumatlarından istifadə edirlər.
- Siz bu günlərdə Bakıda oldunuz. Azərbaycan ali məktəblərinin “Elsevier”lə əməkdaşlığı necə keçir? Alimlərimizin “Elsevier” bazasında fəallığı barədə nə deyə bilərsiniz?
- Mən Azərbaycan alimləri ilə işləməyi çox sevirəm və burada tez-tez oluram. Mən bir neçə dəfə Azərbaycanın ali məktəblərinin əməkdaşları üçün seminar keçirmişəm. Seminarlarda elmi jurnallarda necə nəşr olunmaq olar, düzgün məqalə nə deməkdir, nəşrlərin tipləri, düzgün jurnal seçimi, düzgün elmi leksikadan istifadəyə necə əmin olmaq olar, məqaləni necə düzgün strukturlaşdırmaq olar, eləcə də beynəlxalq elmi jurnallarda məqalə yerləşdirmək üçün tələb olunan standartlar barədə məlumatlar verilib. Mən düşünürəm ki, hər şeydən əvvəl Qazaxıstanda və Özbəkistanda olduğu kimi, Azərbaycanda da elmi-analitik platformaya milli giriş olmalıdır. Bəzi ali məktəblər “Scopus”da və “Science direct”də fərdi abunəyə malikdir, amma əlbəttə istərdik ki, belə bir imkan ölkədə hər bir alimdə olsun. Azərbaycan alimlərinin, tədqiqatçıların “Elsevier”in indeksli jurnallarında fəallığına gəlincə, deməliyəm ki, hazırda onların xüsusən də texniki istiqamətlərdə göstəriciləri çox gözəldir. Alimləriniz texniki sahələrdə çox aktiv dərc olunurlar. Azərbaycan alimlərinin nəşrolunma fəallığı məni çox sevindirir.
Son 5 il ərzində, “Skopus”da indeksləşdirilən jurnallarda azərbaycanlı alimlərin 5220 məqaləsi dərc olunub, sitatların sayı 32685 təşkil edib, bu isə dərc olunmuş hər məqaləyə edilən 6,5 sitat deməkdir.Azərbaycanlı alimlərin “Elsevier”-in elmi jurnallarında, “Science direct” platformasında dərc olunmuş hər məqaləsinə 21 istinad olunur, bu isə Mərkəzi Asiyada ən yüksək göstəricidir.
Mən bununla çox fəxr edirəm. Ümid edirəm ki, bu göstəricilər daha da artacaq və mən bu sahədə öz töhfəmi vermək istəyirəm. Bu məqsədlə mən öz qarşıma azərbaycanlı alim və mütəxəssislərlə “Skopus”un elmi bazasındakı informasiya resurslarından daha düzgün istifadə, elmi nəşrləri düzgün seçmək qaydalarının öyrədilməsi kimi plan qoymuşam. Bununla da Azərbaycanda elmin maksimum inkişafına xidmət göstərməyə çalışıram.
Oruc MUSTAFAYEV