Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin  nümayəndələri, məktəb direktorları, müəllimlər iştirak ediblər. Tədbirə başlamazdan əvvəl qonaqlar  şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olublar.

 

Öncə Dövlət himni səsləndirilib.

 

Liseyin direktoru Nəzakət Əsgərova  müstəqil Azərbaycanın memarı və qurucusu  ulu öndər Heydər Əliyevin xalqımızın  həyatında tarixi xidmətlərindən  danışıb. Bildirib ki, Heydər Əliyev  ölkəyə rəhbərlik etdiyi dövrlərdə daimi tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın  ağır və sərt sınaqlarından çıxarmışdır. O, Azərbaycan xalqının ümummilli lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Təsadüfi deyildir ki, Heydər  Əliyevin  siyasi   fəaliyyəti istər ölkə, istərsə də dünyada bu gün  də yüksək qiymətləndirilir.

 

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva qeyd edib ki, Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı ən ağır zamanda - 1993-cü ilin iyununda taleyini özünün xilaskar oğluna - yenə də Heydər Əliyevə etibar etdi.

 

Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşıladı, həmin günü “Milli Qurtuluş Günü” kimi müstəqil Azərbaycanın tarixinə yazdı.

 

Tədbirdə ulu öndərin fəaliyyətinə aid slayd göstərilib və ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şagirdlər, həmçinin şeir söyləyib, mahnı oxuyub və rəqs ediblər.

 

Tədbir şagirdlərin ifasında “Vətənim Azərbaycan” mahnısı ilə başa çatıb.

 

Şakir CƏFƏROV