Elvin Bəkirov: “Hər bir şagirdin şəxsiyyət kimi formalaşmasında müəllim əsas rol oynayır”


Elvin Bəkirov 1985-ci ildə Gəncə şəhərində anadan olub.  2009-cu ildə Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsini bitirib. 2011-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Şəmkir rayon Pravda kənd tam orta məktəbində ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə yerdəyişmə edərək Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseydə fəaliyyətini davam etdirib. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 60 bal toplayıb. Həmin il Təhsil Nazirliyinin xətti ilə Malayziyada, 2017-ci ildə İndiana Universitetində keçirilən Qafqazın Gənc Liderləri proqramı üzrə 2 aylıq təcrübə proqramlarında və Amerika Birləşmiş Ştatlarında  beynəlxalq təlimdə qabaqcıl müəllim kimi iştirak edib.

 

- Elvin müəllim, bu peşəyə həvəs sizdə necə formalaşdı?

- Hamı kimi mən də orta məktəbdə təhsil aldığım müddətdə “Hansı peşəyə sahib olum?”, - deyə düşünürdüm. İnsanın peşə seçiminə hər bir hadisə fərqli şəkildə təsir edir. Mən elə bir ixtisas seçmək istəyirdim ki, gələcəkdə ölkəmə xeyir verim. Çox fikirləşdikdən sonra  müəllim olmağa  qərar verdim. Çünki öz müəllimlərimi sevirdim və onların müqəddəs amalları mənə yol göstərirdi.

 

- İngilis dili fənninin tədrisində vacib olan məsələlər hansılardır? Siz hansı üsul və vasitələrdən istifadə edirsiniz?

- Bütün fənlərin öyrətmə üsulları müəyyən dərəcədə fərqlənir. Belə ki, ingilis dilinə yanaşdığımız formada biz, nə ədəbiyyat fənninə, nə də ki, riyaziyyat fənninə yanaşa bilmərik. Bəzi fənlərdə praktika vacibdir, bəzilərində isə nəzəriyyə. İngilis dili fənninin tədrisində ən vacib məsələlərdən biri şagirdlərin dinləmə bacarıqlarıdır. Yəni, biz müəllimlər şagirdlərə yalnız müəyyən tapşırıqlar təqdim etsək və onlar nəzəriyyəyə əsasən onları cavablandırsa, bu zaman praktika və şagirdlərin ingilis dili fənnindən olan dinləmə və danışma bacarıqları inkişaf etməyəcək. 

 

Məlumdur ki, tədris prosesində texnoloji bilik və bacarıqlardan istifadə edilir.  Dərslərimdə texnoloji bilik və bacarıqlardan hər zaman faydalanıram. Hər sinfə və şagirdə görə mahnılar, şeirlər və təsviri ev tapşırıqları müəyyənləşdirirəm ki, bu da şagirdlərin verilən tapşırıqları vaxtında və düzgün icra etməsinə kömək olur. Həmçinin dinləmə və yazı qabiliyyətlərini yeni üsul və vasitələrlə inkişaf etdirməyə çalışıram. 

 

- Bildiyimiz kimi  buraxılış imtahanlarında ingilis dili üzrə dinləmə mətnləri tətbiq olunur. Bunun üçün dərs prosesində nələrdən istifadə edirsiniz?

- Dinləmə mətnlərinin tətbiq olunması şagirdlərin öyrəndikləri yeni sözləri, qrammatik qaydaları və mətnləri daha yaxşı anlamaları üçün çox vacibdir.

 

Əvvəllər şagirdlərimiz sadəcə dilin nəzəri hissəsini inkişaf etdirirdilər. Ancaq dinləmə mətnlərinin tətbiq edilməsi ilə praktik hissə də inkişaf etdirilir. Bu günə qədər onların yalnız  qrammatik bacarıqları yoxlanılır və oxu mətnləri təqdim olunurdu. Hazırda isə dinləmə bacarıqları da qiymətləndirilir.

 

Dinləmə mətnlərinin tətbiq olunması şagirdlər tərəfindən də maraqla qarşılanır. Belə ki, onlar fərqli mənbələrdən mətnlər yükləyib dinləyirlər, dərs prosesində isə həmin mövzuları müzakirə edirik. Ümumiyyətlə, dinləmə mətnlərində tapşırıqlar əsasən iki istiqamətdə qurulur. Birinci istiqamət şagirdlərdən söz bazası tələb edir ki, bu, onlar üçün problem yaratmır. Çünki illərdir şagirdlər mətnlər və tapşırıqlar üzərində çalışaraq, söz bazalarını təkmilləşdirirlər. Digər hissə isə praktiki bilgilərdir. Nə qədər çox praktika tətbiq olunsa, nəticələr o qədər yüksək olar. Bu tipli tapşırıqlar şagirdlərin məktəbi bitirdikdən sonra öyrəndikləri xarici dildə ünsiyyət qurmasını tam təmin edə bilir.

 

- Siz “İlin gənc müəllimi” müsabiqəsində iştirak edibsiniz. Bu müsabiqə sizə nələri qazandırdı?

- Hər bir müsabiqə yeni tanışlıqlar, əhatə dairəsinin genişlənməsi, təcrübənin təkmilləşməsidir. Bundan başqa, “İlin gənc müəllimi” müsabiqəsi vasitəsilə məni və müsabiqədə iştirak edən digər  həmkarlarımı  bütün ölkə tanıdı. Biz yalnız tanınmadıq, həmçinin də müəllim adını tanıtdıq, onun necə yüksək bir mərtəbədə olduğunu bir daha göstərdik. Müsabiqədə 400-dən çox müəllim arasından seçilib ilk üçlüyə düşmək həm mənim, həm də şagirdlərim üçün böyük motivasiya oldu. Müəllimin uğuru şagirdə stimul verən vacib istiqamətlərdən biridir. Düşünürəm ki, bu müsabiqə şagirdlərim üçün də böyük motivasiya oldu.

 

- Müəllim olmaq istəyənlərə nə demək istərdiniz?

- Mən əvvəlcə öz həyat hekayəmi danışar, müəllimlərimdən nümunə götürdüyümü bildirərdim. Müəllim olmaqla insan öz ölkəsinin, şəhərinin və ən azından ətrafının həyatını dəyişir və bu dəyişikliyi seyr edərkən insan heç düşünmədiyi qədər xoşbəxt olur.

 

Müəllimlik təkcə peşə deyil, həyat dəyişən bir sənətdir. Müəllim hər bir şagirdinin şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır. Müəllim olmaqla insan öz üzərinə böyük bir məsuliyyət götürmüş olur. Çünki bu peşənin sahibi bütün peşələrin əsasını təşkil edir. Ona görə də bu peşəni sevərək və istəyərək sahib olsunlar.

 

Müəllim olmaq ürək işidir. Bu peşəyə sahib olmaqla sən daha çox öz cəmiyyətinə faydalı ola bilərsən. Ölkənin gələcəyini qura bilərsən. Müəllim olmaq bir cəmiyyətin sabahını müəyyənləşdirmək deməkdir. Müəllimin fəth etmədiyi zirvə ola bilməz. Əgər sən tarixin yollarında öz izini qoymaq istəyirsənsə, o zaman “müəllim ol” deyərəm.

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi