Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 5 günlük laborator təlim təşkil olunub.
Hər ixtisasdan 30 nəfər olmaqla, ümumilikdə 90 müəllimin iştirak etdiyi təlim uğurla başa çatıb.
Universitetin rektoru Elbrus İsayev müəllimlərin gələcək peşə bacarıqlarının formalaşmasına, orta məktəblərdə tədris etdikləri dərslərlə əlaqədar təcrübi biliklərin artırılmasına xidmət edən təlimin əhəmiyyətini bildirib. Zəngin maddi-texniki bazaya malik universitetdə tibb, fizika, kimya laboratoriyalarında olan müasir avadanlıqların vəziyyətindən söz açan rektor söyləyib ki, burada yaradılan imkanlar adıçəkilən ixtisaslarla bağlı biliklərin təcrübədə mənimsənilməsinə xidmət edir.
Rektor müvafiq sərəncamlara uyğun olaraq, ali və orta məktəblərin birgə fəaliyyətinin səmərəsini, qarşılıqlı sürətdə aparılan işlərin gələcək peşə hazırlığı istiqamətində əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, orta məktəblərdə dərsliklərlə tanış olmaq, orada göstərilən mövzulara uyğun təcrübələr aparmaq, müəllimlərin bu sahə üzrə təkliflərini dəyərləndirmək laborator məşğələlərin keyfiyyətini artıran məsələlərdəndir.
Naxçıvanın Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikada təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Naxçıvanda təhsilə göstərilən dövlət qayğısının, 200-dən çox təhsil müəssisəsinin tikilməsi və yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, elektron lövhə və kompüterlər, dərsliklər, fənn kabinələri və laboratoriyalarla təminatının nəticəsidir ki, təhsilin keyfiyyəti hər il yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Vurğulanıb ki, ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisi səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsi, şagirlərin bu sahə üzrə bilik və qabiliyyətlərinin artırılması diqqətdə saxlanılır.
Sonda təlimi uğurla başa çatdıran müəllimlərə sertifikatlar təqdim olunub.