Fevralın 3-də Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb.

 

Bildirilib ki, Niyyət Protokolunun imzalanmasında əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Nəticə olaraq isə yerli təhsil müəssisələrinin nüfuzlu qurumlara məxsus beynəlxalq reytinq siyahılarında (“QS World University Rankings”, “The Financial Times”, “Shanghai Ranking” və s.) irəliləməsinə nail olmaqdır.

 

Qeyd edək ki, dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən “Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 30 000 elektron kitab olan, hər il 2500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur.     

 

Son illərdə elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə, Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında birinci yerdə qərarlaşıb. “Elsevier” korporasiyası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin elmi arenada yerinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur.