Paytaxtdakı F.Əmirov adına  6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri tərəfindən “YARAT” Müasir İncəsənət Məkanında “Könüllülər ili”nə həsr olunan “Nağıl dolu dünya” adlı konsert-tamaşa nümayiş olunub. Dörd musiqili nağıldan ibarət olan  “Nağıl dolu dünya” adlı” konsert -tamaşada  şagirdlərin ifasında sanki Qobustanda qayaüstü təsvirlər canlanır, nağaraçıların ifasında isə “Qaval daşı” səsi ətrafı bürüyür.

 

Nənənin nəvələri ilə dialoqundan ibarət olan ikinci nağıl Qara Qarayev musiqisinə həsr olunub. Q.Qarayevin ev-muzeyində olan nəvələr nənə ilə öz təəssüratlarını bölüşüblər. Onlar “Don Kixot” simfonik qravüralarından, “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən parçalar ifa edərək bəstəkarın nağıl dolu həyatını təsvir ediblər.

 

Üçüncü nağılda şagirdlərin ifasında xalq mahnıları, rəqs nümunələri və instrumental parçalar maraqla qarşılanıb.

 

Dördüncü nağılda şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə nümayiş etdiriblər.

 

Konsert-tamaşanın bədii rəhbəri və ideya müəllifi məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova bildirib ki, dünyada nağıllar çoxdur. Hər bir xalqın öz nağılları var:” Səhnələşdirdiyimiz nağılımız isə keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır. Biz tədbirimizlə şagirdləri ölkəmizin bilikli, bacarıqlı və vətənpərvər övladları olmağa çağırırıq”.

  

Sifai SƏFƏROVA