Yanvarın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib.  Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer, ali məktəblərin  rektorları  və digər rəsmi qonaqlar iştirak ediblər.


Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, ölkəmizdə  təhsilin inkşafı dövlət siyasətinin  ən vacib prioritetlərindən biridir.  Nazir bu istiqamətdə mühüm sənədlərdən biri kimi ölkə Prezidenti tərəfindən təsdiq olunmuş  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı qeyd edib.  Strategiyaya  əsasən, Azərbaycanda keyfiyyət göstəricilərinə və əhatəliliyinə görə  dünyanın aparıcı ölkələri arasında layiqli yer tutan təhsil sisteminin qurulması və  təhsilin  məzmununun qabaqcıl beynəlxalq təcrübəyə əsasən yenilənməsi kimi hədəflər qoyulub.  Nazir ölkəmizdə  yüksəkixtisaslı kadrların hazırlanmasında "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyəti barədə danışıb.

 

Təhsil naziri qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsilin idarə olunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Nazir əlavə edib ki, ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq: "Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. İlk mərhələ üçün 25 tələbə cəlb ediləcək".

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ikili diplom proqramı ilə bağlı fəaliyyətin nəticəsində təhsilin yeni mərhələyə qədəm qoyacağına inanır: "Universitetimizdə tələbələrə yönələn təlim-tədris prosesində yeniliklər davam edir, belə ki, ingilisdilli qruplar fəaliyyətə başlayıb. Müəllimlərin bacarıqlarının artırılması istiqamətində də işlər davam edir. Bu layihə çərçivəsində universitetimizin müəllimlərinin yay müddətində orada təcrübə keçməsi məsələsi də müzakirə olunub. Ümumilikdə bu layihə ilə həm universitet, həm tələbələr, nəticədə isə ölkəmiz  qazanacaq".

 

Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer qeyd edib ki, ADPU və  təmsil etdiyi universitet arasında uzün müddətdir,  davam edən müzakirələrin sonunda  belə bir arzunun reallaşmasına çox şaddır.   M.Foyerin sözlərinə görə  ADPU ilə birgə həyata keçiriləcək ikili diplom layihəsi hər iki ölkə üçün faydalı  olacaq. 

 

ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer deyib ki,  ikili diplom proqramının icrasına başlanılması iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə imkan verəcək.


Qeyd edək ki, ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən, ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan,  eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

 

Oruc MUSTAFAYEV