Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq nəzərdə tutulan məsələlərin həyata keçirilməsi ilə bağlı Qazax rayonunun ümumtəhsil məktəblərində bir sıra tədbirlər görülüb.

 

Belə ki, ümumtəhsil məktəblərinin şagirdləri arasında yol hərəkətinin təhlükəsizliyi mövzusunda  müsabiqə  təşkil olunub. Müsabiqədə Qazax şəhər 1, 2, 3, 4, 5 nömrəli tam orta məktəblərin, məktəb-liseyin şagirdləri iştirak ediblər. Müsabiqədə Qazax şəhər 5 nömrəli tam orta məktəbin komandası I, şəhər 2 nömrəli tam orta məktəbin komandası II, məktəb-liseyin komandası isə III yerlərə layiq görülüblər. Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə məlumatların daha yaddaqalan və təsirli olması üçün əyani vasitələrdən istifadə edilib, iştirakçıların yol hərəkəti təhlükəsizliyinin təşkili ilə bağlı fikirləri öyrənilib.

 

Rayonun təhsil müəssisələrində “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı maarifləndirici tədbirlər də keçirilib. Bu tədbirlərdə qeyd edilib ki, sözügedən Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.

 

Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) və Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaq olub.

 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul işçisi  Gülnar Quliyeva, Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, baş leytenant Vüqar Məmmədov, bölmənin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Elxan Əhmədov və digər əməkdaşları, həmçinin Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, məktəblilər, valideynlər iştirak edib.

 

Mərkəzin direktoru Gövhər Rəhimova keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qazax UGİM olaraq hər zaman maarifləndirici tədbirlərə üstünlük verdiklərini, dərnək üzvlərinin bu cür tədbirlərdə fəallıq nümayiş etdirdiklərini söyləyib.

 

Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədov da vətəndaşların, eləcə də orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında maarifləndirilməsi baxımından belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirib. İstər Qazax UGİM, istərsə də digər müəssisələr tərəfindən keçirilən bu cür tədbirləri yüksək qiymətləndirib, hər zaman dəstək olmağa hazır olduqlarını vurğulayıb.

 

Qazax şəhərinin Heydər Əliyev prospekti ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi işıqforda baş tutan tədbirdə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə, fərdi avtomobil və taksi sürücülərinə, eləcə də digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah edilib.

 

Rövşən AĞAYEV