Bakıda Beynəlxalq Türk Akademiyasının III iclası keçirilib
Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstanın Təhsil nazirlərinin müavinləri Kanat Sarsembayev və Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gənc təşkilat olmasına baxmayaraq qısa müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyət sahəsini genişləndirdiyini bildirib. Nazir qeyd edib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin tarixi xidmətləri nəticəsində Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsi kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün türk xalqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırıb: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə, türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqinə dair nailiyyətlərimizin artacağına, bu xüsusda mühüm rol oynayan təhsil və elm sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edirəm”.
Ceyhun Bayramov türk dövlətlərinin əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin təhsil sahəsinə verəcəyi töhfəni yüksək qiymətləndirib. Nazir bildirib ki, üzv dövlətlər arasında elm və təhsilin inkişaf etdirilməsi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, davamlı intellektual əməkdaşlığın təmin edilməsi Türk Dövlətləri Əməkdaşlıq Şurasının qarşısında duran əsas məsələlərdən biridir. O qeyd edib ki, Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan ortaq türk tarixi dərsliyinin hazırlanması təhsil sahəsində əməkdaşlığın bariz nümunəsidir.
Nazir ortaq türk coğrafiyası və ədəbiyyatı dərsliklərinin hazırlanması üzrə məhsuldar fəaliyyətin davam etdiriləcəyinə, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyəyə çatdırılacağına inandığını bildirib. Qeyd edib ki, azərbaycanlı şagirdlər orta məktəblərimizdə qədim türk tarixinin ən dəyərli nümunələrini öyrənirlər. “Biz öz dərsliklərimizdə türk xalqlarının tarixinin öyrənilməsinə diqqət yetiririk. Buna baxmayaraq, bütün ortaq dəyərlərimizin sistemli şəkildə gənc nəslə ötürülməsi və çatdırılmasında ortaq tarix və coğrafiya dərsliklərinin əhəmiyyəti olduqca böyükdür. Türk dünyasının görkəmli mütəfəkkirlərinin kitablarının dərc olunması da yüksələn dinamik əməkdaşlığın nümunəsidir”. Təhsil naziri əlavə edib ki, türk cümhuriyyətlərində elmə mühüm diqqət ayrılır, alimlərimizin çoxsaylı əsərləri dərc olunur. Elmi əməkdaşlığın sıx əlaqələndirilməsi və dünyanın mötəbər elmi nəşrlərində elm adamlarımızın birgə tədqiqat məhsullarının dərc olunması, birgə elmi tədbirlərin keçirilməsi ölkələrimizin elmi potensialının gücləndirilməsinə ciddi təsir edə bilər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali isə rəhbərlik etdiyi təşkilatın ötən ilki fəaliyyətinin uğurlu olduğunu, bir sıra təşkilatlarla əhəmiyyətli layihələrin reallaşdırıldığını, akademiya çərçivəsində 30-dan çox beynəlxalq forum, simpozium, seminarların keçirildiyi, eyni zamanda, akademiya tərəfindən müxtəlif dillərdə 24 yeni kitab nəşr olunduğunu diqqətə çatdırıb”.
Şura üzvləri ortaq türk dəyərlərinin qorunub saxlanılması, ortaq dil, dərsliklərin, birgə elmi tədqiqatların aparılması, türk coğrafiyasında elm və təhsil əlaqələrinin intensivləşdirilməsi, təhsil və elm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, tələbə və alimlər üçün mübadilə proqramlarının təşkil olunmasının vacibliyini bildiriblər.
Elmi Şuranın üzvləri 2019-cu ildə görülmüş işləri yüksək qiymətləndirib, akademiyanın 2020-ci il üçün Fəaliyyət Planını təsdiq edib və növbəti iclasın Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.
Daha sonra təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib. Akademiyanın prezidenti Darxan Kıdırali qeyd edib ki, 2020-ci il üçün fəaliyyət planı çərçivəsində bu il Monqolustanda “Tonyukuk” abidəsinin 1300, “Manas” dastanının 1025, Abay Kunanbayevin anadan olmasının 175, Üzeyir Hacıbəylinin anadan olmasının 135, AMEA-nın yaradılmasının 75, Beynəlxalq Türk Akademiyasının yaradılmasının 10-cu ildönümləri keçiriləcək. Təhsil naziri Ceyhun Bayramovun təklifi ilə böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin 150 və ölkəmizdə neft-sənaye sahəsinin inkişafına mühüm töhfələr vermiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyləri də təşkilatın tədbirlər planına daxil edilib.
Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası akademiya tərəfindən Abay 175 lövhəsinin Təhsil naziri Ceyhun Bayramova təqdim olunması ilə yekunlaşıb. Eyni zamanda, 2020-ci il üzrə Elmi Şuraya sədrliyin Azərbaycan Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə Ceyhun Bayramova təqdim edilib.
Oruc MUSTAFAYEV