Aparılan məqsədyönlü işlər öz müsbət bəhrələrini verməkdədir


Məlumdur ki, müasir çağırışlar dövründə cəmiyyət həyatının bütün sahələrində təhsilin yaradıcı rolu, missiyası xüsusi əhəmiyyət kəsb etməkdədir. Məhz təhsil sahəsində baş verən keyfiyyət dəyişiklikləri müasir dövrdə dünyanın sürətlə dəyişən hədəflərinə adekvat cavab verməyə imkan verir. 2019-cu ildə ölkəmizin təhsil sistemində baş vermiş müsbət dəyişikliklərə ümumi baxış və 2020-ci ildə qarşıda duran növbəti hədəflərin təhlili göstərir ki, Təhsil Nazirliyi tərəfindən bu sahədə aparılan məqsədyönlü işlər öz müsbət bəhrələrini verməkdədir. Bu barədə yanvarın 27-də Təhsil Nazirliyində keçirilmiş mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov ətraflı məlumat verib. Təhsil naziri  ictimaiyyət tərəfindən tez-tez qaldırılan çoxsaylı məsələlərə də aydınlıq gətirib. Ümumtəhsil sahəsində baş verən dəyişikliklərdən danışarkən, Ceyhun Bayramov ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna müsbət təsir göstərdiyini, son illər təhsil üzrə bir sıra dövlət sənədlərinin və proqramların qəbul edildiyini, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu  bildirib.

 

Məktəb tikintisi davam etdiriləcək

 

Ceyhun Bayramov təhsil müəssisələrinin vəziyyəti, şagirdlərin təhsil mühiti,  məktəblərin infrastrukturuna aid olan məsələlər barədə danışaraq qeyd edib ki,  2019-cu ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət investisiya proqramları, bir çox hallarda sərəncamlara əsasən icra edilən işlərə uyğun olaraq Təhsil Nazirliyi qarşısında da müəyyən hədəflər qoyub. Həmin hədəflərə uyğun olaraq Nazirliyin sifarişi ilə ötən il 84 məktəb binası tikilib və ya əsaslı təmir edilib. “Maddi-texniki baza və infrastruktur barədə danışanda, xüsusi olaraq qeyd edilməlidir ki, bu istiqamət hər zaman Heydər Əliyev Fondunun və Fondun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir.  2019-cu ildə onlarca yeni məktəb binası Fond tərəfindən inşa edildi, müəllim və şagirdlərin istifadəsinə verildi. Beləliklə, 2019-cu ildə 100-dən artıq yeni məktəb binası istifadəyə verildi. Diqqət yetirdikdə bu istiqamətdə olduqca artıq böyük işlərin yekunlaşmasının şahidiyik. Eyni zamanda qeyd etmək istərdim ki, bu sahədə hələ görüləsi xeyli işlər var”.

 

Təhsil naziri bildirib ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş bir sıra - həm Regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında, eyni zamanda Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramında növbəti illər üçün xeyli sayda yeni məktəb binalarının tikintisi və əsaslı təmiri nəzərdə tutulub ki, həmin proqramlara uyğun olaraq 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək. “2020 və növbəti illərdə Təhsil Nazirliyi olaraq biz onu qeyd edə bilərik ki, hədəflənən rəqəmlər ondan ibarətdir ki, 2020-ci ildə görülən işlər ən azından 2019-cu ildəki həcmdə və yaxud ondan artıq həcmdə olsun”.

 

Şagird sıxlığı aradan qaldırılacaq

 

Ceyhun Bayramov valideynlərlə görüşlər zamanı tez-tez qaldırılan məsələlərdən birinin məktəblərdə yüksək  şagird sıxlığı ilə bağlı olduğunu deyib. Nazir bu barədə danışarkən ilk olaraq ümumi mənzərə haqqında məlumat vermək istədiyini bildirib. “Ümumi mənzərə ondan ibarətdir ki, ölkəmizdə 4500-ə yaxın məktəb var və məktəblərin təxminən 50 faizində şagirdlərin sayı 200 və ya 200-dən aşağıdır. Eyni zamanda ölkəmizdə çox müsbət demoqrafik artım var, orta  hesabla əhalinin sayı ildə 100 min,  ümumtəhsil sistemində  şagirdlərin sayı isə orta hesabla  50 faiz artır. Eyni zamanda əhali artımı ölkənin bütün ərazisində eyni templərlə baş vermir. Bəzi yaşayış məntəqələrində bu artım daha sürətlə gedir, daxili miqrasiya məsələləri də mövcuddur. Bütün bu proseslərin nəticəsidir ki, bizim bir sıra yaşayış məntəqələrimizdə kifayət qədər yüksək şagird sıxlığı mövcuddur”. 

 

Ceyhun Bayramov qeyd edib ki, bu məsələ hər zaman bizim diqqət mərkəzimizdədir.  “Əlavə olaraq onu  deyə bilərəm ki, bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı cənab Prezidentin xüsusi tapşırığı olmuşdur. Bu məsələlərin həllini təmin etmək üçün bir sıra dövlət qurumlarının birgə çalışması və əməkdaşlığının həyata keçirilməsi lazımdır. Bu, yalnız Təhsil Nazirliyi tərəfindən görülmür, bir sıra digər dövlət qurumları da bu prosesə sıx cəlb olunublar və bütün bu koordinasiya işlərinin və bu tapşırıqların icrasını təmin etmək məqsədilə  ölkənin Baş naziri tərəfindən bütün aidiyyəti dövlət qurumlarının rəhbərlərinin  iştirakı ilə 2019-cu ildə bir neçə dəfə iclaslar keçirilib və bu məsələlər müzakirə olunub”.

 

Nazir  dövlət başçısının tapşırığı ilə bu sahədə intensiv işlərin aparıldığı yaşayış məntəqələrinin adlarını sadalayıb. Bunlar  Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi ərazisi və Sulutəpə yaşayış massivi, Abşeron rayonu Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələridir. Bütün bu yaşayış məntəqələri ilə bağlı tapşırıqlar icra olunmaqdadır. 2020-ci ildə bu sahədə müvafiq işlər həyata keçiriləcək və eyni zamanda, artıq ötən ildən başlanmış bəzi işlərin də gələn il yekunlaşması planlaşdırılır. Yeni tədris ilinin əvvəlinə kimi həmin məktəblərin istifadəyə verilməsi nəzərdə tutulub. Abşeron rayonu  Binə qəsəbəsində yeni 1760, 1600 şagird yerlik Binə qəsəbə məktəblərinin də sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda Xırdalan şəhərində 3 nömrəli məktəbin ərazisində 1400 şagird yerlik yeni məktəb korpusunun  tikintisinin  2020-ci ilin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulub. Dövlət başçısının sərəncamına müvafiq olaraq Sumqayıt şəhəri 1 nömrəli məktəbin tamamilə yenidən qurulması və yenidən tikintisi ilə bağlı işlər 2020-ci ilin birinci  rübündə artıq yekunlaşacaq və inşa edilmiş məktəb şagirdlərin istifadəsinə veriləcək.

 

Məktəbli avtobusu

 

Ceyhun Bayramov qeyd edib ki, Təhsil Nazirliyi olaraq biz mütəmadi şəkildə  valideynlərlə görüşlər keçiririk.Görüşlərdə bir neçə dəfə valideynlər tərəfindən məktəblərin nəqliyyat vasitələri sisteminin qurulması ilə bağlı müraciətlər olub.  “Mən onu qeyd edə bilərəm ki, biz bu istiqamətdə də artıq ötən ildən Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlamışıq. Bakı Nəqliyyat Agentliyinin böyük işçi qrupu ilə bu istiqamətdə işlər həyata keçirilir və bizim mütəxəssislər onlarla birgə işləyir. Hesab edirəm ki, bu istiqamətdə  xeyli irəliləyə bilmişik və bu işlər daha da davam etdiriləcək. Düşünürəm ki, birgə səylərimiz  nəticəsində 2020-ci ildə yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində sıx ərazilərdə şagird sayı çox olan bir sıra məktəblər üçün avtobus  sisteminin təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu, ilkin mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Hesab edirik ki, bu, çox faydalı və uğurlu bir başlanğıc ola bilər. Layihənin gedişindən asılı olaraq onun gələcək inkişaf sürəti barədə daha dəqiq məlumatlar vermək mümkün olacaq”.

 

Dərsliklər - daha asan, daha yüngül  

 

Ceyhun Bayramov ictimaiyyəti maraqlandıran məsələlərdən birinin də dərsliklərlə bağlı olduğunu diqqətə çatdırıb.  Bu sahədə ötən il ərzində görülmüş işlər və 2020-ci ildə nəzərdə tutulmuş tədbirlər barədə  məlumat  verən nazir qeyd edib ki, mövcud olan dərsliklərin yeni formatda təqdim edilməsi istiqamətində artıq bir neçə ildir ki, işlər aparılır. “Ancaq eyni zamanda biz müşahidə edirik ki, həmin dərsliklərin əlavə materiallarla zənginləşdirilməsi, səsli materialların daxil edilməsi, xüsusi tapşırıqların, təcrübələrlə bağlı olan videogörüntülərin oraya daxil edilməsi həmin dərsliklərdən istifadə əmsalını xeyli artırır. Qeyd etmək istəyirəm ki, 2019-cu ildə mövcud 256 elektron dərsliyimizi xeyli sayda əlavə materiallarla zənginləşdirmişik və bunun nəticəsi olaraq ötən ildə ümumilikdə dərsliklərə baxış sayı təxminən 21 milyondan artıq olub. Və burada biz çox müsbət dinamika görürük”.  Təhsil naziri vurğulayıb ki, bu istiqamətdə işlər, eləcə də son 2 ildə başlanılmış layihələr 2020-ci ildə də davam etdiriləcək.

 

Ceyhun Bayramov yeni formatda hazırlanan dərsliklər məsələsinə də toxunub.  “Biz bunları şərti olaraq ehtiyat dərsliklər modelinə keçən dərsliklər adlandırırıq. Ümumilikdə bu yanaşmanın fəlsəfəsi ondan ibarətdir ki, söhbət xüsusu olaraq yeni yanaşmalardan istifadə edilməklə hazırlanmış və ən azı bir  il ərzində ölkənin 100 məktəbində istifadə edilən və özünü doğruldan dərsliklərin artıq ölkə ərazisində geniş istifadəsindən gedir. Bir sıra dərsliklərimizin istifadəsinə ilkin olaraq ibtidai siniflərdən başladıq. Bəzi dərsliklər 1 il, bəzi dərsliklər 2 il sınaqdan keçdi, bu müddət ərzində kitablarla bağlı həm müəllimlər, həm şagirdlərdən  daxil olan rəylər nəzərə alınıb və həmin dərsliklər təkmilləşdirilib”. 

 

Təhsil naziri qeyd edib ki, 2020-ci ilin sentyabrından Azərbaycan dili, riyaziyyat, xarici mütəxəssislər tərəfindən hazırlanmış və  Azərbaycan üçün adaptasiya edilmiş ingilis dili dərsliklərinin ilk dəfə olaraq məktəblərdə tətbiqi nəzərdə tutulur.  “Biz digər bir məsələni də diqqətdə saxladıq. Bu da ondan ibarətdir ki, yeni modellə  hazırlanmış dərsliklər birinci siniflər üçündür.  Onlar iki hissədən ibarət, daha yüngül, daha asan daşına bilən olacaq”. 

 

Dərslik və məzmun barədə danışanda bir məsələ də qeyd olunmalıdır ki, zaman-zaman  qaldırılan məsələlər, suallar tədris proqramları, onların yükü,  məktəbdaxili qiymətləndirmə, onların sayı ilə bağlı olan məsələlərdir ki, bu istiqamətdə də nazirlik 2019-cu ildə bir sıra addımlar atıb. Bu işlərin davamı gələn ildə davam etdiriləcək. 

 

Təhsil naziri həmin addımlardan danışarkən qısa olaraq əsas təşəbbüslər və dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, ötən il məktəbdaxili qiymətləndirmələrin sayı 288-dən 188-ə qədər, orta hesabla təxminən 40 faiz azaldılıb, təbii ki, bu azalma edilən zaman mütəxəssislər rəylər veriblər. “Məqsədimiz ondan ibarətdir ki, hər hansı dəyişiklik  edildikdə onların şagirdlərin nailiyyətlərinə mənfi təsiri olmasın. Azərbaycanda və eləcə də bütün dünyada qəbul olunmuş beynəlxalq təcrübə ondan ibarətdir ki, təhsilin məzmunu  daim yenilənir, daim təkmilləşdirilir”.   Nazir qeyd edib ki, ötən il standartların ilkin ictimai müzakirəsi keçirilib və irəli sürülmüş dəyərli təkliflər nəzərə alınıb və nəticədə standartlar ikinci dəfə ictimai rəyə təklif edilib. “Artıq ikinci mərhələdən keçən standartlar üzrə yekun işlər aparılır və düşünürəm ki,  2020-ci ildə təkmilləşdirilmiş  standartlar tətbiq ediləcək. Onlara uyğun olaraq biz bir sıra  təkmilləşdirilmiş resurslarda onları nəzərə ala biləcəyik. Standartlar hazırlanarkən diqqət mərkəzində  saxlanılan əsas məqamlar - beynəlxalq qiymətləndirmələrdə istifadə edilən ölçmə meyarları,  eləcə də Nazirlik tərəfindən həyata keçirilən yeni layihə və təşəbbüslər, - “Rəqəmsal bacarıqlar”,  STEAM layihəsinin  tətbiqi ilə bağlı əldə olunan nəticələr, müsbət təcrübə, məlumat bazası da  məzmun  təkmilləşdirilən zaman mütəxəssislərimiz tərəfindən nəzərə alınır. Bizim əsas məqsədimiz proqramın müasir və səriştə əsaslı məzmunun təqdim olunmasından ibarət olmasıdır”.  

 

Təmayül siniflərin şəbəkəsi genişləndirilir

 

Məzmun istiqamətində atılan addımlardan danışanda nazir 2019-cu ildən ümumtəhsil müəssisələrinin X və XI siniflərini əhatə edən təmayülləşmənin əhatə dairəsinin genişlənməsi və əhəmiyyətinə toxunub. C.Bayramov təmayülləşməyə cəlb olunmuş  şagirdlərin sayının 47 minə çatdığını bildirib. O vurğulayıb ki, ötən il  təmayülləşməyə cəlb edilmiş şagirdlərin nəticələrini təhlil edərkən görürük ki, təmayül siniflərində oxuyan  şagirdlərin nəticələri qeyri-təmayül siniflərin şagirdlərinkindən müsbət mənada fərqlənir, ona görə də biz həm təmayül siniflərin şəbəkəsini genişləndiririk, eyni zamanda burada da məzmunun ötən ilin təcrübələri nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində 2020-ci ildə işlərimizi davam etdirəcəyik.

 

Tarixi uğur

 

Təhsil naziri yeni məzmun və təhsil sisteminin nailiyyətlərindən biri kimi istedadlı uşaqlarla aparılan işləri yüksək qiymətləndirib. Təhsil Nazirliyi il ərzində bu sahədə ictimaiyyətə geniş məlumatlar verir. “Bizim üçün əsas istiqamətlərdən biri odur ki, istedadlı şagirdlərin aşkar edilməsi, onların istedadlarının inkişaf etdirilməsi və şagirdlərimizin beynəlxalq səviyyədə digər ölkələrin ən hazırlıqlı  şagirdləri ilə rəqabət aparması istənilən təhsil sistemi üçün olduqca müsbət göstəricidir. Çünki bu, bir tərəfdən, digər şagirdləri motivasiya edirsə, digər tərəfdən onun göstəricisidir ki, Azərbaycan təhsil sistemi bu gün dünyanın ən aparıcı təhsil sistemləri və ən yaxşı məktəbləri ilə rəqabət apara biləcək məzun yetişdirə bilir, yoxsa yox”. 

 

C.Bayramov qeyd edib ki, Azərbaycan təhsil sistemi, Azərbaycan məktəbinin yetişdirdiyi istedadlı şagirdlərimizin beynəlxalq səviyyədə nəticələri ilbəil artır, 2018-2019-cu tədris ilində şagirdlərimiz müxtəlif nüfuzlu beynəlxalq olimpiadalarda 40 medal qazanıblar. Azərbaycan 5 fənn üzrə əsas dünya olimpiadalarında iştirak edib və 5 fəndən 4-ü üzrə şagirdlərimiz  vətənə medalla qayıdıblar. Artıq 2019-2020-ci tədris ilinin olimpiada tsiklinə start verilib. Sevindirici haldır ki, şagirdlərimiz bu ilin iki elm olimpiadasında - Yeniyetmələrin Beynəlxalq Elm və Beynəlxalq Jautikov olimpiadalarında tarixi uğur əldə ediblər. Beynəlxalq Elm Olimpiadasında 4 gümüş, iki bürünc, Jautikov Olimpiadasında isə 1 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar. Bu il ilk dəfə olaraq informatika üzrə qızıl medal əldə olunub.

 

Təhsil naziri qeyd edib ki, bu sahədə şagird və gənclərimizi daha çox motivasiya etmək məqsədilə qanunvericiliyə müvafiq dəyişiklik edilib və onlar ali məktəblərə qəbulda əlavə imtiyazlar əldə ediblər. Müxtəlif sahələr - həm elm, həm də yaradıcılıq sahələri üzrə çox istedadlı şagirdlərimizdən 100 nəfər imtiyazlardan istifadə edərək məhz bu nəticələr əsasında ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunub. “Hesab edirəm ki, bu sahədə digər addımlar bu il, növbəti illərdə şagirdlərimizin nəticələrini daha da yaxşılaşdıracaq və müsbət tendensiya davam edəcək”.

 

Təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq

 

Təhsil naziri ali təhsil sahəsində əldə olunmuş müsbət dəyişikliklərdən bəhs edib. Qeyd olunub ki, 2019-cu il ali təhsil sahəsində bir çox yeniliklərlə yadda qalıb. Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub.  2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayı 2018-ci illə müqayisədə bir il ərzində 66 faiz artıb. Belə ki, 2018-ci ildə 12300 nəfər dövlət hesabına ali təhsil müəssisələrinə qəbul olunubsa, 2019-cu ildə bu rəqəm 20500-ə çatdırılıb. Ceyhun Bayramov diqqətə çatdırıb ki, təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq sərəncamına əsasən,dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. Tələbə təqüdü alanların sayı 110 mini əhatə edir, hər iki tələbədən birinin dövlət hesabına təhsil alması göstəricisinə, demək olar ki, çox yaxınıq. İcra olunan böyük sosial paket əsasında ötən ilin martından əlavə 16 min tələbə təqaüd almaq imkanı qazanıb. 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması  konkret hədəf kimi qoyulub.

 

Tələbə yataqxanaları

 

Ceyhun Bayramov ali təhsil müəssisələrimizin tələbələrimizə daha yaxşı təhsil şəraitinin təmin edilməsi, eyni zamanda hər bir universitet üçün əcnəbi tələbələrin cəlb edilməsi imkanlarının genişləndirilməsində vacib olan məqamlardan biri kimi tələbə yataqxanalarının tikintisi istiqamətində aparılan işlər barədə məlumat verib. Qeyd olunub ki,  2019-cu ildə bu sahədə bir sıra çox vacib layihələr icra olunub, onlardan bəzilərinə start verilib. Bakı şəhərində ADNSU-nun  tələbə yataqxana korpusunun bazasında 700 nəfərlik yataqxananın istifadəyə verilməsi layihəsi icra olunub. Onun xüsusiyyəti ondadır ki, yataqxananın tikintisi özəl sektorun nümayəndələrinin iştirakı ilə təmin edilib, dövlət vəsaiti sərf edilməyib. Eyni zamanda ötən il Lənkəran Dövlət Universitetinin 156 nəfərlik yeni tikilmiş müasir tələbə yataqxana kompleksi istifadəyə verilib. Gəncə Dövlət Universitetinin 800 yerlik 3 binadan ibarət yataqxana kompleksinin əsas təmir işləri yekunlaşmaq üzrədir, növbəti aylarda istifadəyə veriləcək. Eyni zamanda Sumqayıt Dövlət Universiteti üçün 250 nəfərlik yataqxana binasının əsaslı təmir edilərək tələbələrin istifadəsinə verilməsinə start veriləcək. Bakı Dövlət Universitetinin 220 tələbə yerlik yataqxanasının əsaslı təmiri işləri yekunlaşmaq üzrədir və yaxın zamanlarda tələbələrin istifadəsinə veriləcək.

 

Təhsil naziri eyni zamanda Asiya İnkişaf Bankı ilə yeni tələbə yataqxanalarının daha sürətlə inşa edilməsi prosesinin stimullaşdırılması üçün icra olunan birgə layihə barədə məlumat verib. Qeyd olunub ki, Asiya İnkişaf Bankı Təhsil Nazirliyi ilə məsləhətçi mütəxəssislər cəlb edilməklə bu istiqamətdə xüsusi bir layihə hazırlayıb. Əsas məqsəd ondan ibarətdir ki, elə bir şərtlər işlənib təqdim edilsin ki, burada özəl sektorun iştirakı ilə böyük dövlət sərmayələrinə ehtiyac olmadan yeni yataqxana binaları tikilsin və tələbələrin istifadəsinə verilsin. “İlkin olaraq bu layihə ADNSU və BDU üçün olan əraziləri əhatə edir. Hesab edirik ki, bu layihələrin uğurlu icrası digər bu istiqamətdə olan yeni yataqxanaların tikintisini də sürətləndirə bilər”.

 

Təhsil naziri mətbuat konfransında jurnalistləri maraqlandıran çoxsaylı sualları da cavablandırıb.

 

Oruc MUSTAFAYEV