NDU-da bu mövzuda fakültələrarası bilik yarışı keçirilib
Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda fakültələrarası bilik yarışı keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrə ulu öndərin ideyalarını dərindən öyrənməyi tövsiyə edib, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın inkişaf və tərəqqisinə yönəlik gördüyü tədbirlərin əhəmiyyətini qeyd edib.
Universitetin “Beynəlxalq münasibətlər” ixtisası üzrə II kurs tələbəsi Təbrizə Bağırova ümummilli lider Heydər Əliyevin gəncliyə və təhsilə göstərdiyi qayğı mövzusunda çıxış edərək bildirib ki, ulu öndərin rəhbərliyi, tövsiyəsi ilə hazırlanmış proqramlar, strateji yol xəritələri Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin edib. Vurğulanıb ki, ölkə Prezidenti İlham Əliyev ümumilli liderin ideyalarını davam etdirərək təhsilimizin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir.
Sonra “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda fakültələrarası bilik yarışmasına start verilib. Hər mərhələdə 12 sual olmaqla üç mərhələdən ibarət olan yarışda I yeri 49 xalla beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandası qazanıb. Sosial idarəetmə və hüquq və iqtisad fakültələrinin komandaları 39 xalla II, incəsənət fakültəsinin komandası isə 33 xalla III yerə çıxıb.