Bu günlər respublikamızın hər yerində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 110 illik yubileyi təntənə ilə qeyd olunur. Yubiley tədbirlərindən biri də Bakı Humanitar Kollecində baş tutub. Tədbirdə kollecin direktoru Vaqif Əmiraslanov Mir Cəlal Paşayevin müəllimliyi, insanlığı ilə hər kəsin qəlbinə yol tapan böyük şəxsiyyət olmasından danışıb. Onun ədəbiyyatımızdakı mövqeyindən, ürəklərə yol salan çox dəyərli hekayələrindən və nəsr əsərlərindən danışan direktor  bildirib ki, Mir Cəlal Paşayevin əsərlərindəki obrazlar nəsillər üçün həmişə nümunə olmuşdur.

 

Kollecin yuxarı kurs tələbələrinin təqdimatında Zülfiyyə Dəvəliməhəmmədin hazırladığı “İclas qurusu” hekayəsi, “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” parçası, “Yolumuz hayanadır” romanından bir parça tamaşaçıların diqqətinə çatdırılıb.

 

Kollecin müəllimləri İlahə Hüseynova və Yeganə Mikayılova Mir Cəlal Paşayevin elmi və pedaqoji fəaliyyəti, Mir Cəlal Paşayevin əsərlərində xalq psixologiyasının tərənnümü mövzularında çıxış ediblər. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxana müdiri, Bakı Dövlət Universitetinin məzunu, M.C.Paşayevin tələbəsi olmuş Azər Hüseynov, kollecin tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva, tədris hissə müdiri Əsəd İbrahimov, pedaqoji şöbənin müdiri Talıb Zülfiyev çıxış edərək M. C. Paşayev yaradıcılığının dəyərindən, gənc nəslə örnək olacaq ideyalarından, insani keyfiyyətlərindən və bütün müəllimlər üçün bir məktəb olan müəllimliyindən və xeyirhaxlığından söz açıblar.

 

Rəşad ZİYADOV