AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev rəhbərlik etdiyi müəssisədə gil istehsalı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Alim mineral tərkibinə görə rəngləri dəyişən gillərin hər bir növünün özünəməxsus xüsusiyyətləri olduğunu deyib. Bildirib ki, bir çox sənaye sahələrində geniş istifadə edilən bu maddənin Naxçıvan, Şahbuz, Babək və digər yataqlarda xeyli ehtiyatları mövcuddur.

 

T.Əliyev bir çox yataqlardan nümunələrin götürüldüyünü, tərkiblərinin öyrənildiyini və gələcəkdə bu istiqamətdə işlər aparılacağını vurğulayıb. O, gil yataqlarının istismara cəlb edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafına ciddi təsir göstərə biləcəyini söyləyib.

 

İclasda, həmçinin bölmənin viki-qruplarının fəaliyyətləri də müzakirə olunub. Məsələ ilə bağlı İnformasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova çıxış edərək bildirib ki, 2019-cu ildə Naxçıvanın arxeoloji abidələri, qədim yaşayış yerləri, nekropol və qalaları, müxtəlif memarlıq abidələri-məscidlər, pirlərlə bağlı Vikipediyaya 228 material, 8 adda monoqrafiya yerləşdirilib. Qeyd edib ki, materialların 22-si, monoqrafiyanın isə biri ermənilərin Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddiaları və həyata keçirdikləri soyqırımlarla bağlıdır. Bundan əlavə, o, Naxçıvanın görkəmli tarixi şəxsiyyətləri və etnoqrafiyası ilə bağlı 9 elmi məqalədə redaktə işləri aparıldığını, 46 mədəniyyət abidəsinin şəkillərinin yerləşdirildiyini diqqətə çatdırıb.

 

İclasda, o cümlədən bölmənin “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilib, “Gəmiqaya” adlı qəzetin nəşr edilməsi ilə bağlı qərar qəbul olunub.