Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən diqqətəlayiq tədbirlərdən biri də xalqımızın qədim dövrlərdən günümüzə kimi olan tarixini, mədəniyyətini, milli-mədəni dəyərlərini, o cümlədən fauna və florasını parlaq şəkildə işıqlandıran muzeylərimizdir ki, gələcək nəsillər üçün qorunub saxlanılan eksponatlar şəhərimizə gələn yerli, xarici turist və qonaqların da böyük marağına səbəb olur.
Ərazinin zənginliklərini əyani surətdə geniş təbliğ edən muzeylərdən biri də AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun nəzdində yaradılan Təbiət muzeyidir.
Özünəməxsusluğu ilə seçilən muzey haqqında ətraflı məlumat almaq üçün institutun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramovla həmsöhbət olduq.
O bildirib ki, flora və faunamızın növ müxtəlifliyi, maraq doğuran canlılar, o cümlədən nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin geniş təbliği, xüsusən gənc nəsildə təbiətə və təbii sərvətlərimizə doğma münasibət hissi, ekoloji mədəniyyət aşılamaq muzeyin əsas məqsədini təşkil edir.
2003-cü ildən fəaliyyət göstərən muzeyin ekspozisiya və kolleksiya fondunun zənginləşməsində institut əməkdaşları ilə yanaşı, təbiətsevər vətəndaşların əməyini xüsusi vurğulayan şöbə müdiri qeyd edib ki, müxtəlif canlıların daşlaşmış qalıqları, skeletləri, qədim insanların əmək alətləri, quşların müxtəlifliyi ilə seçilən yuvaları və başqa eksponatlar muzeyin zənginliyini daha da artırıb.
Muzeydə səliqə ilə divarboyu düzülmüş vitrinlərdə Naxçıvanın təbiətini əks etdirən çoxsaylı eksponatlar, sanki canlıymış kimi təəssürat bağışlayan müqəvva ekspozisiyalar tamaşaçının diqqətini ilk baxışdan cəlb edir.
Bu elmi-mədəni ocağın girişində muxtar respublikanın özünəməxsus torpaq-iqlim şəraitində yüksək məhsuldarlığı ilə seçilən yeni buğda hibridlərinin və seleksiya sortlarının sərgisinə xüsusi guşə ayrılıb. Guşədə institutun elmi əməkdaşlarının illərlə gərgin əməyi nəticəsində alınmış bərk və yumşaq buğda sortlarının dənlə dolu iri sünbüllü nümunələri nümayiş etdirilir. Burada əməkdaşların buğdadan hazırladıqları Naxçıvan Muxtar Respublikasının xəritəsi xüsusi ilə diqqəti cəlb edir. Qeyd edək ki, strateji məhsul kimi buğdanın sərgilənən nümunələrinin sayı 50-ni keçib.
Bərk və yumşaq buğda sortlarının sərgilənən nümunələri
Buğda dənindən hazırlanan Naxçıvan Muxtar Respublikasının xəritəsi
Muzeydə diqqəti özünə çəkən digər bölmə floramızın yüksək müalicəvi xassələri ilə fərqlənən dərman bitkiləridir. Burada cövhərlər, qoz, badam, acı badam, ərik və şaftalı çəyirdəklərindən alınmış yağlar xüsusi germetik qablara doldurulub və etiketlənmiş şəkildə nümayiş etdirilir. Həmin bölmədə floramızda zəngin bioloji ehtiyata malik 60 rəsmi dərman bitkisinin bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq edilən 20 uyğun kombinasiyalı qarışıqlar tərkib hissələri və istifadə qaydasının təlimatı ilə birlikdə nəfis qutularda sərgilənir.
Dərman bitkiləri
Fauna nümunələri eksponatları və ekspozisiyalarının sərgilənməsi muzeydə böyük sahəni əhatə edir. Vəhşi cütdırnaqlılardan qaya keçisinin, dağ qoyununun və Pişikkimilər fəsiləsindən olan vaşağın skeletlərinin müxtəlif hissələrindən hazırlanmış ekspozisiyalar, qonur ayının nümayiş etdirilən dərisi maraqla qarşılanır.
Naxçıvan ərazisində yayılmış 38 növ ilanın və kərtənkələnin, demək olar ki, hamısının formalin məhlulunda təsbit edilmiş eksponatları muzeyə gələnlərlə bərabər, mütəxəssislərin də diqqətini xüsusi cəlb edir. Eksponatlar arasında təbiətdə olduqca nadir rast gəlinən, tapılmasına illər sərf ediləcək növlər muzeyin digər bir bölməsinin ekspozisiyasında nümayiş olunur.
Təbiətdə nadir rast gəlinən növlər
Burada, eyni zamanda faunaya yeni daxil edilmiş balıq növləri, xüsusən Kür uzunburunu, qızılxallı balıq, qambuziya və başqa nümunələr, Araz su anbarında rast gəlinən uzunbarmaq çay xərçəngi və krevetin fərdləri nümayiş etdirilir.
Onurğasız heyvanlara aid çoxlu sayda eksponat muzeyin növbəti bölməsinin ekspozisiyasında yer alır. İnsan və heyvanlarda parazitlik edən dəyirmi və yastı qurdlar, o cümlədən həşəratlar sinfinə daxil olan sərtqanadlılar, kəpənəklər, vəhşi arılar, müxtəlif hörümçəkkimilər, xüsusilə molyusk növləri, ali xərçənglərin nümayəndələri və su həyat tərzi keçirən müxtəlif orqanizmlərin sərgisi bölgənin zəngin onurğasız faunası haqqında dolğun təəssürat yaradır.
Tədqiqatlara cəlb edilən kəpənəklər
Qeyd edək ki, muzeydə bəzi eksponatlar həm nümayiş olunur, həm də tədqiqatlara cəlb edilir. Belə ki, muzeyə tamaşaçılarla yanaşı, müxtəlif heyvan qrupları ilə bağlı tədqiqat aparan mütəxəssislər gəlir, sərgilənən nüsxələrdən ilkin material kimi istifadə edir, təsvir və ölçmə işləri yerinə yetirirlər.
Akif Bayramovun sözlərinə görə, tədqiqat aparmaq məqsədilə ötən illərdə muxtar respublikaya Fransa, Rusiya, Macarıstan, Hollandiya, Portuqaliya və digər xarici ölkələrdən nümayəndələr gəlib.
Məktəblilər muzeydə olarkən
Təbiətsevərlərin, ali təhsil müəssisələrində təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin üzünə həmişə açıq olan muzeydə son illər açıq dərslər təşkil edilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Burada tələbə və şagirdlər ərazinin fauna və florası ilə yaxından tanış edilir, onlara zəngin təbii sərvətlərimizin qorunması, ekologiyaya aid tövsiyələr verilir.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsi, İnformasiya şöbəsinin əməkdaşı