Naxçıvan Dövlət Universiteti ( NDU ) əcənəbi tələbələr üçün tarixi yerlərə ekskursiya təşkil edib. Onlar Naxçıvanın Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan, 2016-cı ildə elmi və tarixi əsaslarla bərpa edilən Qarabağlar Türbə Kompleksi ilə tanış edilib.
Əcnəbi tələbələrə bildirilib ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Zaman keçdikcə dağıntıya məruz qalan kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.
Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov əcnəbi tələbələrə Naxçıvanın tarixi, mədəniyyəti haqda məlumat verib. Bildirilib ki, bu qədim diyar olduqca zəngin tarixə malikdir. Naxçıvan tarixi-mədəni abidələri ilə öz qədim keçmişindən xəbər verir.
Xarici tələbələr üzrə dekan Ceyran Quliyeva diqqətə çatdırıb ki, əcnəbi tələbələrin sayına görə Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. O, tariximizin tanıdılması istiqamətində, xarici tələbələrin asudə vaxtının səmərəli təşkilində bu cür ekskursiyaların əhəmiyyətini də vurğulayıb.
Ekskursiyanın sonunda əcnəbi tələbələr üçün “Görüş yeri” kafesində çay və yemək süfrəsi təşkil edilib. Banqladeşli tələbə MD Tanvir Rahman, nigeriyalı tələbə Rotimi Adekunle qeyd ediblər ki, Naxçıvanda onlar təhlükəsizlik cəhətdən özlərini rahat və güvəndə hiss edirlər.
“Sizin qonaqpərvərliyiniz bizim üçün ideal bir örnəkdir” – deyən tələbələr onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.