Müəssisənin ingilis dilli, gənc və ixtisaslı kadrlara böyük ehtiyacı olduğu bildirilib


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin SOCAR-ın Karbamid zavodunun rəhbərliyi ilə görüşü olub. Ali Məktəbin “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının 4-cü və 5-ci kurs tələbələri BANM-ın rektoru Elmar Qasımov, Karbamid zavodunun direktoru Xəyal Cəfərov və zavodun digər rəsmiləri, həmçinin Ali Məktəbin əməkdaşlarının da qatıldığı tədbirdə iştirak ediblər.

 

Görüşdə Karbamid zavodunun direktoru Xəyal Cəfərov zavod haqqında təqdimatla çıxış edib. O qeyd edib ki, Karbamid zavodunun tikilməsində əsas məqsəd ölkənin kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrinin məhsuldarlığını artırmaq, bunun üçün lazımlı gübrələrin istehsalını həyata keçirmək və eyni zamanda ölkənin bu gübrələri xaricdən alarkən valyuta axınının qarşısını almaqdır.  Zavod üzrə tikinti işlərinin artıq 99%-nin görüldüyünü bildirən X. Cəfərov  müəssisənin bu ilin avqust ayında ilk məhsul olacaq ammonyakın istehsalını, bir qədər sonra isə karbamidin istehsalını həyata keçirəcəyini bildirib. O həmçinin fəaliyyəti zamanı təhlükəsizlik və ətraf mühitin qorunması prinsiplərinin daim birinci planda olduğunu qeyd edib.

 

Daha sonra Xəyal Cəfərov zavodun işə düşməsilə əlaqədar ixtisaslı mütəxəssislərə ehtiyyac olacağını bildirib. Bu məqsədlə o BANM-ın tələbələrinin Karbamid zavodunda istehsalat təcrübə proqramları keçmələri, məzun olanların isə işə cəlb olunması məsələlərinə toxunub. Qeyd edib ki, zavodun BANM-ın tələbələri kimi ingilis dilli, gənc və ixtisaslı kadrlara böyük ehtiyacı var.

 

BANM-ın rektoru Elmar Qasımov görüş üçün Xəyal Cəfərova və onun rəhbərlik etdiyi komandaya təşəkkürünü bildirib. Rektor qeyd edib ki, dünya standartlarına cavab verən xüsusi tədris proqramları ilə hazırlanan BANM-ın ingilis dilli gənc mühəndisləri bu gün SOCAR-ın müxtəlif müəssisələrində və aparıcı transmilli şirkətlərdə uğurla çalışır: “Mən əminəm ki, tələbələrimiz Karbamid zavodunda da istehsalat təcrübə proqramlarında iştirak edəcək və gələcəkdə zavodun fəaliyyətinə öz töhfələrini vermiş olacaqlar”, – deyə Elmar Qasımov bildirib.

 

Daha sonra tələbələrin  sualları cavablandırılıb.

 

Sonda Ali Məktəbin əməkdaşları və tələbələri zavod ərazisində tur edərək onun fəaliyyəti ilə daha yaxından tanış olublar.