Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Qlobal tendensiyalar və müasir Azərbaycan” mövzusunda Respublika elmi konfransı keçirilib. 

 

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev qeyd edib ki, indi dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilaflar “siyasi lider” anlayışını daha da aktuallaşdırıb. Mütəxəssislər qlobal miqyasda geosiyasi nizamın pozulduğunu vurğulayırlar. Dünya xaosa doğru sürüklənir. Böhran getdikcə daha geniş məkanı əhatə edir. Böyük dövlətlər arasında gərgin mübarizə şiddətlənir, təhlükəli istiqamət alır. Belə bir şəraitdə dünyanın böyük iradə sahibi, diplomatik ustalıq bacarığı və qətiyyətli qərarlar qəbul edən liderə ehtiyacı daha aydın hiss olunur. Həmin kontekstdə ulu öndər Heydər Əliyev yada düşür. Bu dahi şəxsiyyətin hər anım günü, şübhəsiz, Azərbaycan xalqı üçün əzizdir. Eyni zamanda, dünya üçün də onun siyasi təcrübəsinin çox yararlı olacağına tam əminlik vardır. Heydər Əliyev irsini araşdırmaq və onun həyat fəaliyyətinə təkrar-təkrar nəzər salmaq bir zərurətdir. Bundan yalnız Azərbaycan deyil, bütün dünya faydalana bilər.

 

Sonra konfransın plenar iclasında məruzələr dinlənilib. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent İlham İsmayılov “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur”; Mingəçevir Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Sahib Məmmədov “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: Azərbaycan təhsili yeni inkişaf mərhələsində”; Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova “Azərbaycanda dil siyasəti qlobal tendensiyalar kontekstində”; Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Bakı Dövlət Universitetinin dissertantı Kamal Əhmədov “Azərbaycan gəncliyi müstəqillik illərində” mövzularında çıxış ediblər.

 

Konfransın iki gün ərzində “İqtisadiyyat və idarəetmə”; “Texnika və ekologiya” və “Humanitar” bölmələr üzrə iclasları keçirilib.