Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan xalqının tarixinə faciə kimi daxil olan 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

 

“Milli azadlıq tariximiz: Qanlı Yanvar” adlı elmi-praktik konfransda institutun prorektoru Azad Novruzov bildirib ki,  20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılıb.

 

“Keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi”-deyə prorektor qeyd edib.

 

Sonra institutun “Humanitar və ictimai fənlər kafedrası”nın müəllimi Emin Məmmədovun “20 Yanvar milli-azadlıq tariximizin qürur səhifəsidir” adlı məruzəsi dinlənilib.  Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir: 1980-ci illərin sonunda Azərbaycanda başlanan milli  oyanış sovet rəhbərliyini  ciddi narahat etmiş və nəticədə bu faciə törədilmişdir”.

 

Çıxış zamanı  ötən dövr ərzində yerli və xarici mətbuatda, elmi və bədii ədəbiyyatda, həmçinin ölkə qanunvericiliyində 20 Yanvar faciəsinə münasibət qeyd olunub, bir sıra statistik məlumatlar vurğulanıb. Həmçinin bildirilib ki, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisində siyasi və hüquqi qiymət verilib.

 

Tədbirdə institut tələbələrinin “20 Yanvar faciəsi tələbə gənclərin düşüncəsində” adlı kompozisiyası dinlənilib  və  faciəni əks etdirən video slayt nümayış olunub.

 

Sonda “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələrinin 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.