Gəncə Dövlət Universitetində (GDU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək üçün KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub.

 

Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə tələbələrin eyni vaxtda biliyinin yoxlanıldığı test imtahan prosesini izləyiblər.

 

Ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, test üsulu və qabiliyyət üzrə olmaqla, yanvarın 31-dək davam edəcək.

 

İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının da imtahanın keçirilməsində iştirakı təmin edilib.

 

GDU-da sessiyanın müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün Operativ Qərargah fəaliyyətə başlayıb.

 

Eyni zamanda, universitetin gdu.edu.az saytında yerləşdirilmiş telefon nömrələri, rəsmi “facebook” ünvanı olan “Gəncə Dövlət Universiteti”, mail@gdu.edu.az ünvanlı elektron poçtu və “Qaynar xətt” elan edilib.

 

Universitetdə həm semestr ərzində, həm də sessiya dövründə tələbələrin yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə Tələbə Ombudsman Mərkəzi də fəaliyyət göstərir.