Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdəndir.
1963-cü ildə tikilən təhsil müəssisəsi 1971-ci ildən orta məktəb kimi istifadəyə verilib. 2013-cü ildə məktəbdə yenidənqurma və əsaslı təmir-tikinti işləri aparılıb.
Hazırda məktəbdə 760 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 74 müəllim və 9 nəfərdən ibarət yardımçı pedaqoji heyət məşğul olur. Son 3 ildə 11 gənc namizəd müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərərək sözügedən məktəbdə pedaqoji fəaliyyətə başlayıb.
Məktəbin şagirdləri İDEA (Ətraf mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən keçirilən layihələrdə iştirak edərək müxtəlif nominasiyalarda qalib olublar. 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində məktəbin XI sinif şagirdi Təhminə Rzayeva I yerin qalibi olub. Həmin ildə təşkil edilən “Ədəbiyyat biliciləri” müsabiqəsində isə məktəbin şagirdi İnarə Bünyatzadə I yerə layiq görülüb. Sözügedən məktəbin məzunları sırasında yüksək uğur qazanaraq gənc yaşlarında tibb üzrə fəlsəfə doktoru adına layiq görülənlər də var.
2018-2019-cu tədris ilində məktəbi bitirən 38 məzundan 30 nəfəri ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyət göstərərək tələbə adını qazanıb.
Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.