Təhsil Nazirliyi Azərbaycanda “Nəsimi ili”nin başa çatması münasibəti ilə tədbir keçirib.
Gənc Tamaşaçılar Teatrında baş tutan tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Təhsil naziri Ceyhun Bayramov iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına qərar verilib. Nəsimi irsinin milli- mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının 11 yanvar 2019-cu il tarixində imzaladığı digər sərəncamı ilə ölkədə 2019-cu il “Nəsimi ili” elan edilib. Bu istiqamətdə Təhsil Nazirliyində də müvafiq tədbirlər planı qurulub. Həmin plana uyğun olaraq təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib.
Təhsil naziri Ceyhun Bayramov həmin tədbirlərdən danışaraq deyib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şairin 650 illik yubileyi münasibəti ilə “Azərbaycanımızı yaşıllaşdıraq” devizi altında başlayan kampaniyaya təhsil işçiləri də qoşulub və yuxarı sinif şagirdləri, tələbələrin fəal iştirakı ilə 650 min ədəd ağac əkərək bu prosesə öz töhfəsini veriblər.
Təhsil naziri qeyd edib ki, humanizmin bənzərsiz carçısı olan İmadəddin Nəsimi gənc nəslin milli-mənəvi, ümumbəşəri dəyərlər, Azərbaycan mili məfkurəsi əsasında tərbiyə olunmasında əsas ədəbi və fəlsəfi qaynaqlardan biridir. İ.Nəsimi ümumdünya bəşəri mədəniyyət xəzinəsində qızıl hərflərlə özünə yer almış qüdrətli söz ustası, Şərqin zəngin mədəni sərvətləri üzərində ucalan möhtəşəm şair, filosof kimi Azərbaycan ədəbiyyatının mühüm mərhələsini təşkil edir. Nəsimi öz poeziyasında hər zaman insan şəxsiyyətinin əzəmətini, insana məhəbbət, şəxsiyyətin azadlığı kimi bəşəri dəyərləri tərənnüm edib. Yeni fikir və deyim tərzi ilə anadilli poeziyamızı zənginləşdirib, Azərbaycan dilinin inkişafına böyük töhfələr verib.
C.Bayramov qeyd edib ki, Nəsiminin milli mənəviyyat xəzinəmizdə özünə layiq yer tutması ötən əsrinn 70-ci illərinə təsadüf edib. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub; şairinin adının əbədiləşdirilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilib.
“Böyük Nəsiminin yaşayıb-yaratdığı dövrdən 600 ildən artıq bir müddət keçməsinə baxmayaraq, bu günlərdə Nəsiminin əsərləri təhsilin bütün pillələrində çox geniş tədris olunmaqla müasir dövrdə gənclərin formalaşmasında, onların inkişafında böyük bir xəzinə olaraq xalqa xidmət edir”, - deyən Təhsil naziri təhsil müəssisələrində də yubiley ilinə həsr edilən ədəbi- bədii gecələr, müsabiqələr, elmi-praktik konfranslar, şagirdlər arasında təşkil edilən intellektual yarışlar, ədəbi-bədii kompozisiyalar, tamaşalar, dəyirmi masalar keçirildiyni vurğulayıb.
Sonra Zərifə Əliyeva adına liseyin IX, X və XI sinif şagirdlərindən təşkil edilən dram dərnəyinin hazırladığı “Mənəm” tamaşası nümayiş olunub.
Tamaşanın sonunda qonaqlar yaradıcı heyəti təbrik edib, onlarla xatirə şəkilləri çəkdiriblər.