Azərbaycan Milli Konservatoriyasi tərkibində Respublika İncəsənət Gimnaziyasında ulu öndər Heydər Əliyevin anadan olmasının  95 illiyinə həsr olunmuş fotosərgi açılıb. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə  öncə qonaqlara  ulu öndərin  həyat yolu haqqında məlumat verilib. Bildirilib ki, bugünkü müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev xidmətləri ilə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşüb. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun  xalqımız üçün gördüyü misilsiz xidmətləri  yaddaşlara həkk olunub.

 

Sonra iştirakçılar dahi şəxsiyyətə həsr olunmuş “Mədəniyyətimizin keşiyində” adlı fotosərgi ilə tanış olublar. 20-dən çox fotonun nümayiş olunduğu sərgidə  Heydər Əliyevin siyasi fəaliyyətinin bütün istiqamətlərini  əks etdirən fotolar yer alıb. Mərasim  gimnaziyanın şagirdlərinin ulu öndərə həsr etdikləri konsert proqramı ilə davam edib.

 

Sifai SƏFƏROVA