Bakıdakı Libraff Kitab Mərkəzində Hüseyn Mirzəyev, Sevda Quliyeva və Sevinc Səfərovanın birgə hazırladıqları “Təhsil  terminlərinin izahlı lüğəti” kitabının  təqdimatı  keçirilib.

 

Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açaraq kitab haqqında  danışıb, müəlliflərə uğurlar arzulayıb.

 

Sonra kitab müəlliflərindən biri, Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin Şirvan filialının  direktoru Hüseyn Mirzəyev çıxış edərək bildirib ki,   hazırlanmış lüğət əlifba sırası ilə verilmişdir. Burada ayrı-ayrı müəlliflərin əsərlərinə müraciət olunmur, açıqlamalar, şərhlər yığcam halda  verilir.

 

Lüğətdə sözlərin izahı Azərbaycan dilinin  normalarına uyğun olaraq anlaşıqlı, axıcı, orfoqrafik və üslubi baxımdan ən  münasib formada,  yığcam  və sintaktik quruluşlu cümlələr vasitəsilə  verilib.

 

Sonra tədbirdə filologiya elmləri doktoru Nəriman Seyidəliyev, professor İsmayıl Məmmədli, fəlsəfə  doktorları Aytən Bəylərova, Təranə Şükürlü, Mehriban Əliyeva və başqaları “Təhsil terminlərinin izahlı lüğəti” kitabı haqqında fikirlərini söyləyiblər.

 

Sonda  tədbir iştirakçılarına “Təhsil  terminlərinin izahlı lüğəti” kitabı paylanıb.

 

Təqdimat diskussiya şəklində  başa çatıb.

 

Şakir CƏFƏROV