Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Təhsil Nazirliyi arasında imzalanmış birgə Memoranduma əsasən Cəmiyyətin Ağdam rayon bölməsi tərəfindən son 3 ildə yerli təhsil şöbəsinin köməkliyi ilə rayonun işğal olunmamış ərazilərində, təmas xəttinə yaxın ərazilərdə yerləşən məktəblərdə bir çox tədbirlər keçirilib.
Azərbaycan QAC Ağdam rayon bölməsi könüllüləri ilə birgə bütün təmas xətti boyu məktəblərdə tədbirlər keçirərək mövcud vəziyyətlərdə insanların psixoloji durumuna təsir etmək, hadisə zamanı zərər çəkmişlərə yardım göstərmək kimi mühüm vəzifələri əsas fəaliyyət istiqamətinə çevirib. Qaradağlı, Çəmənli, Əfətli, Zəngişalı, Əhmədağalı, Bənövşələr, Qərvənd kənd tam orta məktəblərində maarifləndirmə işləri aparılıb. Hadisə zamanı ilk öncə necə qorunmalı, təhlükəsizlik yerini necə seçməli, silahlar və partlayıcı maddələrlə necə davranmalı və s. məsələlər barədə şagirdlərə ətraflı məlumat verilib.
Bölmə bir neçə məktəbdə “Təhsil gələcəyimizdir” mövzusunda bilik müsabiqəsi keçirib. Müsabiqədə həm orta məktəb dərsliyindən, həm də Azərbaycan QAC tərəfindən aparılan maarifləndirmə işlərindən şagirdlərin qavrama qabiliyyətini yoxlamaq üçün suallar təşkil edilib. Şagirdlər arasında böyük marağa səbəb olan müsabiqə qaliblərinə və eləcə də iştirakçıların hər birinə hədiyyələr təqdim edilib.
Məktəblərdə ilk yardım postu qurulan zaman həyatda və məişətdə baş verə biləcək hadisələrə ilkin vardım göstərilməsi barədə maarifləndirmə işlərinin aparılması şagirdlərlə yanaşı, müəllimlərin də böyük marağına səbəb olub. Hər insanın həyatında baş verə biləcək təhlükəli hadisə zamanı həkimə qədər olan vaxtda ilk yardım göstərilməsi yollarının öyrədilməsi günün ən vacib məsələlərindən biri kimi diqqətdə saxlanılıb. Tədbirlər əksər hallarda şagirdlərlə diskussiya şəklində aparılır. Bu isə şagirdlərin qavrama qabiliyyətində çox müsbət rol oynayır.
İlk yardım postunda başa gələ biləcək hadisələrin hər biri haqqında ətraflı məlumatlar verilib. Bu hadisələrə günvurma, qol-qılça sınıqları, müxtəlif növ yanıqlar, nəfəs yollarında çeçələmələr, müxtəlif növ qanaxmalar, huş itirmələr, özündən getmə halları və s. aid olunur.
Ötən dövrdə ərazi üzrə məktəblərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə birlikdə tədbirlər keçirilərək, geniş maarifləndirmə işləri aparılıb, yuxarı sinif şagirdlərindən ibarət könüllülər yaradılıb. Şagirdlər Qızıl Aypara və Qızıl Xaç Komitəsinin hüquq və vəzifələri haqqında da ətraflı məlumatlandırılıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsi keçən ilin iyun ayında cəbhəyanı bölgəsi olan Bənövşələr qəsəbəsi 2 nömrəli tam orta məktəbində fövqəladə mobil dəstəsi ilkin yardım postu yaradaraq tədbir keçirib. Tədbirdə məktəbin direktoru Tünzalə Vəliməmmədova və pedaqoji kollektivi, eləcə də qəsəbə əhalisi iştirak edib. Maraqla izlənilən təlimdə film çəkilişi üçün BQXK-nın nümayəndələri də iştirak ediblər.
2019-cu ilin əvvəlindən sonuna kimi BQXK-nın nümayəndələrinin iştirakı ilə 20-dən çox tədbir keçirilib. Rayonun Hacıməmmədli, Əhmədağalı, Eyvazlı, Əfətli, Qərvənd, Mirəşelli, İmamqulubəyli qəsəbə, Çəmənli, Xındırıstan, Əhmədağalı və s. kənd məktəblərində ilk yardım postları qurulmuş, psixoloji dəstək mövzusunda sessiyalar təşkil olunub. Bir neçə məktəbdə müəllimlər və şagirdlər arasında 3 günlük təlimlər, şagirdlər arasında aparılan mövzular əsasında bilik və rəsm müsabiqəsi keçirilib. Rayonun Xındırıstan kənd orta məktəbində şagirdlərdən ibarət Qızıl Aypara könüllüləri yaradılıb, onların çıxışı BQXK əməkdaşları tərəfindən maraqla qarşılanaraq yüksək qiymətləndirilib.
Ağdam rayonunun məktəblərində Qızıl Aypara Cəmiyyəti tərəfindən keçirilən bütün tədbirlərə rayon təhsil şöbəsinin rəhbərliyi tərəfindən müvafiq diqqət və kömək göstərilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun yerli qurumu rayonun Quzanlı qəsəbəsində yerləşən Diaqnostik kliniki mərkəzində 20 imkansız ailənin övladlarını pulsuz tibbi müayinədən keçirib. Bu, artıq ənənə halını alıb və bu barədə klinika ilə müqavilə bağlanılıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam rayon bölməsinin sədri Nadir Qədimli qeyd edir ki, bölmə bundan sonra da mütəmadi olaraq tədbirləri davam etdirəcək və üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışacaq.
Rövşən AĞAYEV