AMEA Naхçıvan Bölməsində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbir keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2019-cu ildə əldə olunan uğurlu nailiyyətlərdən söz açıb.

 

Ölkəmizdə bütün sahələrlə yanaşı, elmin inkişafına da dövlət tərəfindən daim diqqət göstərildiyini deyən İ. Hacıyev rəhbərlik etdiyi elmi qurumda 2019-cu ildə əldə olunan mühüm nailiyyətləri nəzərə çatdırıb. Bildirib ki, muxtar respublika ərazisində etnoqrafik və epiqrafiq, onomastik, dialektoloji və folklor, flora, fauna, o cümlədən qədim çap kitab və əlyazmaların toplanılması, elmi ekspedisiyaların aparılması, qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən analiz edilməsi bölmə əməkdaşları qarşısında duran əsas vəzifələrdən olub.

 

Alim bölmənin tərkibindəki elmi-tədqiqat müəssisələrində 7 mövzuya daxil оlan 37 işin 96 mərhələdə yerinə yetirildiyini deyib. Qeyd edib ki, bölmə əməkdaşları tərəfindən 18 monoqrafiya, 8 kitab, 1 kitabça, 3 metodik vəsait, 549 elmi məqalə, 225 konfrans materialı, 7 tezisi olmaqla, ümumillikdə 811 elmi əsər çap edilib, 4 buklet və bir xəritə tərtib olunub. Monoqrafiyalardan 4-ü, elmi məqalələrdən 73-ü, konfrans materiallarından 57-si, tezislərdən 1-i xaricdə nəşr edilib. Əməkdaşların impakt faktorlu jurnallarda 37 elmi məqaləsi işıq üzü görüb ki, bunlardan 10-u Clarivate Analytics siyahısına daxildir. Əsərlərə 287 istinad qeydə alınıb.

 

Akademik 2019-cu ildə bölmənin iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının dörd nömrəsinin çapdan çıxdığını vurğulayıb. Bildirib ki, bölmədə, həmçinin “Naxçıvan Duzdağı” kitabı, “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr topluları çap olunub, “Naxçıvan tarixi-mənbələrdə” kitabı hazırlanıb.

 

Bölmə əməkdaşları tərəfindən Biləv alüminium süxurundan alınan alüminium sulfat və alüminium zəyinə dair iki ixtira tərtib olunaraq Əqli Mülkiyyət Agentliyinə təqdim edilib.

 

İsmayıl Hacıyev tədqiqat dövründə yerinə yetirilən qrant layihələrindən də danışıb, ötən il 2 respublika səviyyəli qrant layihəsinə yekun vurulduğunu diqqətə çatdırıb. Bildirib ki, 2-si beynəlxalq, 1-i respublika səviyyəli olmaqla, 3 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

 

Sonda İ.Hacıyev şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanması, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmin istehsalatda tətbiqinə diqqətin artırılması ilə bağlı tapşırıq və tövsiyələr verib.

 

Tədbirdə bolmə institutlarının direktorları çıxış edərək, 2020-ci ildə qarşıda duran vəzifələrdən danışıblar.