Lənkəran  Dövlət Universitetində (LDU)  2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkərək imtahanların gedişini izləyib.

 

Universitet rəsmisi  imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinator  və  imtahanların gedişinə məsul digər  şəxslərlə  görüş keçirib, payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini onlarla birgə müzakirə edib, bununla bağlı  məsul şəxslərin hesabatlarını dinləyib.

 

N.İbrahimov bu semestrdə də imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edərək tapşırıqlarını verib.

 

Qeyd edək ki, LDU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası  əyani təhsilalma forması üzrə  bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün yanvarın 7-dən fevralın 1-dək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün yanvarın 7-dən yanvarın 11-dək  keçiriləcək.

 

3713 bakalavr və 113 magistrantın iştirak edəcəyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb.

 

Sessiyanın gedişi müddətində obyektivliyi  və şəffaflığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə   universitetin  tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində Apellyasiya komissiyaları yaradılıb.

 

Xatırladaq ki,   sessiya  müddətində  universitetin  İctimai Şurasının üzvləri də  imtahanların gedişini izləyəcəklər.