Rusiya Federasiyası hökuməti riyaziyyat və informatika fənləri üzrə nailiyyətlərinə görə 125 min şagird üçün birdəfəlik qrantların alınması qaydalarını təsdiqləyib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, 2020-ci ildə 850 şagird hökumət qrantı alacaq. Bu barədə Nazirlər Kabinetinin saytında yerləşdirilən qərarda bildirilir.
Qərara əsasən, riyaziyyat,informatika və rəqəmsal texnologiyalar sahəsində xüsusi qabiliyyət və yüksək nailiyyətlər göstərmiş ümumtəhsil müəssisələrinin şagirdlərinə qrantların verilməsi və ödənilməsi qaydaları qüvvədədir. Fərqlənmiş şagirdlərə qrant birdəfəlik 125 min rubl məbləğində ödəniləcək. 2020 - ci ildə 850, 2021 - ci ilə qədər 3550, 2022 - ci ilə qədər 13 500 təhsilalana bu cür qrantların verilməsi nəzərdə tutulub.
Hökumət tərəfindən təsdiq edilmiş qaydalara əsasən, qrant alacaq iddiaçılar 18 yaşınadək olan, qrant ödənilməsindən əvvəlki tədris ilində ümumi və ya tam orta təhsil almış şəxslərdir. Onların akademik nailiyyətləri qrant verilmə ilindən əvvəlki tədris ili ərzində əldə edilmiş riyaziyyat, informatika və rəqəmsal texnologiyalar sahəsində keçirilmiş intellektual müsabiqələrin qalib və mükafatçılarının diplomları ilə təsdiq olunmalıdır. İddiaçıların seçim meyarları arasında olimpiadaların və müsabiqələrin yekunları üzrə tutduqları yer, onların səviyyəsi, həmçinin elmi - tədqiqat işlərinin və intellektual fəaliyyətin praktiki olaraq əhəmiyyətli nəticələri yer alıb.
Hökumət saytında bildirilir ki, qrantlar elektron formada dövlət və bələdiyyə xidmətlərinin vahid portalı vasitəsilə təqdim olunacaq.
Oruc MUSTAFAYEV