Mövzu: “Muxtar Respublikanın təbii sərvətləri”


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə  Ekoloji Tərbiyə Mərkəzindən növbəti interaktiv dərs keçirilib.  Dərsi Mərkəzin “Təbii sərvətlər və ətraf mühit” dərnəyinin rəhbəri Şəms Seyidova aparıb.  “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri” mövzusunda keçilən dərs muxtar respublikanın 202 ümumtəhsil məktəbində  izlənib.  

 

Dərsdə bildirilib ki, təbiət ölçüyəgəlməz dəyərə malik olan bir sərvətdir.  Təbii sərvətlər deyərkən bəşəriyyətin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə olunan təbiət elementlər başa düşülür. Günəş enerjisi, Yerin daxili istiliyi, mineral ehtiyatları, su, iqlim, torpaq, bitki örtüyü, heyvanlar aləmi təbii ehtiyatların əsas növləridir. Təbii sərvətlər yeraltı və yerüstü sərvətlər olmaqla iki yerə ayrılır. Yeraltı sərvətlər dedikdə əsasən faydalı qazıntılar, yerin daxili enerjisi, mineral bulaqlar nəzərdə tutulur. Yerüstü sərvətlər dedikdə isə iqlim, bitki örtüyü, torpaq nəzərdə tutulur.

 

Vətənimiz Azərbaycan, o cümlədən doğma diyarımız Naxçıvan saydığımız bütün təbii sərvətlərlə zəngindir. Bunlar içərisində su energetika , mineral xammal və kənd təsərrüfatı ehtiyatları xüsusi yer tutur.   

 

Naxçıvan diyarı təbiətinin gözəlliyi, rəngarəngliyi, təmiz havası, bir sözlə təbii sərvətləri, o cümlədən faydalı qazıntıları, mineral suları ilə çox qədimdən diqqət mərkəzində olub.

 

Muxtar Respublika ərazisinin bu xüsusiyyətləri nəinki Azərbaycanlı alim və mütəxəssisləri, hətta xarici mütəxəssisləri belə burada tədqiqat işləri aparmağa vadar etmişdir. Elə buna görə də Muxtar Respublika ərazisi də dərindən öyrənilir və hərtərəfli tədqiq edilir.

 

Naxçıvan Muxtar Respublikasının ərazisində olan bir sıra faydalı qazıntılar çox qədimdən insanlara məlum olmuş və istehsal edilməyə başlanmışdır.

 

Naxçıvan Muxtar Respublikası mineral sularının zənginliyinə görə xüsusilə fərqlənir.  Elə buna görədir ki, Muxtar Respublika “Mineral bulaqlar muzeyi” adlandırılır.

 

Dərsin sonunda xüsusi vurğulanıb ki,vətənimiz Azərbaycan, o cümlədən doğma diyarımız Naxçıvan nə qədər gözəl təbiətə, zəngin təbii sərvətlərə malik olsa da bu heç də o demək deyil ki, onlar bitməz-tükənməzdir. Bu gözəlliyin,  zənginliyin daimi olması üçün hamı təbii sərvətlərdən səmərəli istifadə etməli, təbiətimizi qorumalı, onun qayğısına qalmalıdır.