31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə AMEA –nın Coğrafiya İnstitutunda yığıncaq keçirilib.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov dünya azərbaycanlılarının birlik və həmrəyliyindən söz açaraq deyib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində qeyd olunur. 50 milyondan çox azərbaycanlını birləşdirmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən təsis edildiyini vurğulayan akademikin sözlərinə görə, bu bayram dünyadakı azərbaycanlıların vahid ideya ətrafında birləşməsində, həqiqətən də xüsusi rola malikdir.
2019-cu ili institut üçün uğurlu sayan R.Məmmədov “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildinin çapdan çıxmasını əlamətdar hadisə kimi qeyd edib. Bildirib ki, türkdilli ölkələrin bir-birinin coğrafiyasını, tarixini, mədəniyyətini öyrənməsi, yaxşı tanıması onların bir-birinə daha da yaxınlaşmasında və birliyində əhəmiyyətli rol oynaya bilər.
Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, institut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, Qadınlar Şurasının sədri Luiza Salayeva və digərləri xalqımızın birlik və mütəşəkkilliyini tərənnüm edən bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirərək, onlar arasında birlik, həmrəylik yaratmağa xidmət etdiyini diqqətə çatdırıblar.